Bakı. Trend:
Orta Dəhlizin potensialını tam gerçəkləşdirmək məqsədilə Asiya İnkişaf Bankı (AİB) 2025–2028-ci illər üçün ümumi dəyəri azı 3,5 milyard dollar olan 10-dan çox konkret investisiya layihəsi müəyyənləşdirib.
Trend xəbər verir ki, bunu AİB Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Yevgeniy Jukov Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankının illik toplantısı çərçivəsində keçirilən panel müzakirələrində deyib.
“Ona əlavə olaraq, Orta Dəhlizin inkişafı çərçivəsində biz İstanbulda əlaqəliliyin və ötürücülük qabiliyyətinin artırılmasına dair bir layihənin həyata keçirilməsini planlaşdırırıq. Bu layihəyə yüksək sürətli dəmir yolu xəttinin tikintisi və/və ya Yavuz Sultan Səlim körpüsü üzərindən dəmir yollarının inteqrasiyası daxil ola bilər. Bu, İstanbulun Bolqarıstan sərhədi ilə birləşdirilməsini nəzərdə tutan daha geniş planın bir hissəsi olan İspartakule-Çərkəzköy xəttinə daxil ediləcək”, – deyə o qeyd edib.
Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən nəqliyyat-ticarət marşrutudur və regionun bir sıra ölkələrindən keçir. Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış edir.
Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən, daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz, Asiyanın şərq bölgələrini, o cümlədən Çini, daha uzun dəniz yollarını keçmədən Avropa ilə birləşdirən quru yolu təklif edir.