Bakı. Trend:
Son zamanlar vətəndaşların lizinq şirkətləri tərəfindən aldadılması ilə bağlı şikayətlər çoxalıb. Şirkətlər ödənişin son aylarında saxta problemlər yaradır, avtomobilin şəxsin əmlakı kimi rəsmiləşdirilməsinə süni əngəllər törədir.
Trend-ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, lizinq şirkətləri ilə bağlı son dövrlər şikayətlər çox olur:
“Burada əsas səbəb insanların diqqətsizliyidir. İnsanlarımız müqavilələri dəqiq oxumurlar. Lizinq şirkətləri lazımsız fikirlər yazırlar. Bu zaman da lizinq şirkətləri həmin müqavilənin müddəalarının yerinə yetirilməsini tələb edirlər. Digər bir problem lizinq şirkətlərinin sürücülər barədə yazılan cərimələri vaxtında onlara bildirməməsidir. Cərimə bildirişi şirkətə gəlir, amma onlar bu barədə sürücüyə məlumat vermir. Bu zaman da sürücünün xəbəri olmadan sürücülük hüququ məhdudlaşdırılır, yaxud avtomobilin üzərinə həbs qoyulur. Bu baxımdam, düşünürəm ki, lizinq şirkətlərinin bu cür özbaşınalıqlarının qarşısını almaq üçün sənədləşdirmə işlərində müəyyən dəyişikliklərə getmək lazımdır”.
E.Muradlının sözlərinə görə, dolların bahalaşması fonunda kreditlə avtomobil almaq çətinləşib:
“Ona görə də lizinq şirkətlərinə maraq artdı. Bu gün lizinq şirkətlərinin bəziləri bundan çox pis formada istifadə edirlər. Ödənişlə bağlı çox cüzi gecikmə olan zaman sürücünün əlindən avtomobili alırlar. Ödəniş bitəndən sonra özlərindən başqa ödənişlər çıxarırlar. Bu məsələlərə ciddi yanaşılmalıdır. Adamlar var ki, illərlə yığdığı pulu verir, aylarla da avtomobil üçün pul ödəyir.
Bir günlük gecikmə nəticəsində avtomobil əlindən alınır. Bu, insanların düşdüyü vəziyyətdən sui-istifadə etməkdir. Buna dövlətin məsul qurumları tərəfindən ciddi nəzarət olunmalıdır. İnsan aylarla ödəniş edir, lizinq şirkəti ödənişin bitməsinə 2-3 ay qalmış həmin adamda cüzi səhvlər axtarır ki, maşını əlindən alsın. Amma bu, fırıldaqçılıq, işbazlıq, mədəni soyğunçuluqdur”.
İqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə bildirib ki, vətəndaşlar tanınmış şirkətlərlə işləməyə çalışmalıdır:
“Bağlanan müqavilələrə diqqət edilməlidir ki, lizinq dövrünün sonunda əmlakın mülkiyyətinin onlara keçəcəyinə əmin olsunlar. Alqı-satqılar rəsmi distribüterlərdə aparılmalıdır. Bəzən qiymətlərə görə tanınmayan müəssiəslərə müraciət edirlər. Həmin müəssisələr üçün reputasiya önəmli deyil. Onlar bazarda uzun müddət qalmır, yaxud əvvəlcədən dələduzluq əməlini planlaşdırırlar”.
“Vətəndaş istənilən halda diqqətli olmalıdır. Yadda saxlamaq lazımdır ki, banklar lizinq faəliyyəti ilə çox vaxt məşğul olmur. Bu fəaliyyətlə daha çox Bank Olmayan Kredit Təşkilatları (BOKT) məşğul olurlar. Onların da, adətən, faizləri yüksək olur. Ona görə də şərtlər diqqətli oxunmalıdır. Lizinq şirkətləri müştərini həvəsləndirmək üçün şirnikləndirici təkliflər edirlər. Dələduzluq qanuni fəaliyyət deyil ki, nəzarətə götürülsün. Əgər aldatmaq niyyətləri varsa, harada olsa, edəcəklər. Sadəcə olaraq diqqət etmək lazımdır”.