Bakı.Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərliyi ilə COP29 Sədrliyinin danışıqlar üzrə nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 62-ci sessiyasında (SB62) və bu çərçivədə keçirilən tədbirlərdə iştirak edib.
Bu barədə Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.
SB62 çərçivəsində nazir müavini Y.Rəfiyev Türkiyə, Avstraliya, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Filippin, Qırğız Respublikası, Misir və Çin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib və bir sıra aparıcı beynəlxalq media qurumlarına müsahibələr verib.
Sessiyanın gündəliyinin razılaşdırılması üzrə ilk 2 gün ərzində aparılmış danışıqlar nəticə vermədiyi üçün Köməkçi Orqanların sədrləri və COP30-un Braziliya Sədrliyinin müraciəti əsasında ölkəmizin nümayəndə heyəti Tərəf dövlətlər arasında kompromisin əldə edilməsi məqsədilə vasitəçilik edib və intensiv danışıqlardan sonra gündəliyin qəbuluna nail olunub.
UNFCCC-nin Köməkçi Orqanların sədrləri, eləcə də çıxış edən bir sıra nümayəndə heyətləri SB62-nin gündəliyinin razılaşdırılması və qəbul edilməsi prosesində göstərdiyi həlledici dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür ediblər.
COP30-un gündəliyində olan bir neçə vacib istiqamət üzrə danışıqların COP29-da Azərbaycan Sədrliyi tərəfindən hazırlanmış sənəd layihələri üzərindən başlanması barədə razılığa gəlinib. Nəticədə, bəzi yekun qərarlarda Azərbaycan tərəfinin COP29-da hazırladığı layihələrin mətnlərindən istifadə olunub.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən COP29-un tarixi nəticələrini təşviq etmək, eləcə də COP29 çərçivəsində həyata keçirilən uğurlu fəaliyyətin ardıcıllığını təmin etmək məqsədilə tədbirlər təşkil edilib.
Bildirilib ki, bu tədbirlərdən dördü COP29 Sədrliyinin Fəaliyyət Planının təşəbbüsləri olan İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Bakı Hub) Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi və Bakı Qlobal İqlim Şəffaflığı Platforması ilə bağlı olub
SB62-də həmçinin Azərbaycanla Braziliya tərəfindən COP29-da Azərbaycan və Braziliyaya verilmiş mandatdan irəli gələrək iqlim maliyyəsinin 1.3 trilyona qaldırılması ilə bağlı “Bakıdan Belemə 1.3 trilyon ABŞ dolları üzrə Yol Xəritəsi”nə dair dövlət və qeyri-dövlət aktorlarla iki dinləmə görüşü və “Bakıdan Belemə: Uyğunlaşma ambisiyalarının danışıqlardan fəaliyyətə keçidi” adlı konfrans təşkil edilib.
Bundan əlavə, COP29 Sədrliyi rolundan irəli gələrək, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyəti SB62 çərçivəsində iqlim dəyişmələrinin müxtəlif istiqamətlərini əhatə edən çoxsaylı mandatlı tədbirin açılışını edərək, COP29-un tarixi nəticələrinin iqlim fəaliyyətinə verdiyi töhfələri diqqətə çatdırıb, xüsusilə də həmin qərarların iqlim dəyişmələri ilə mübarizəyə, o cümlədən imkanları zəif olan dövlətlərə verəcəyi töhfələri qeyd ediblər.