...

Ermənistanın güclü lobbi fəaliyyəti bu ölkəyə qarşı daha yumşaq mövqeyi şərtləndirir - ŞƏRH

Siyasət Materials 27 İyun 2025 15:30 (UTC +04:00)
Ermənistanın güclü lobbi fəaliyyəti bu ölkəyə qarşı daha yumşaq mövqeyi şərtləndirir - ŞƏRH
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Qərbin Azərbaycan və Ermənistan məsələlərindəki fərqli yanaşmaları uzun müddətdir ki, regionda ciddi müzakirə mövzusudur.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən hər hansı kiçik hadisə ilə bağlı məsələ dərhal Qərb institutlarının, o cümlədən, Avropa Şurası (AŞ), ATƏT, "Amnesty International" kimi təşkilatların diqqət mərkəzinə düşür, bu qurumlar adətən sürətlə bəyanatlar yayır, "tənqidlər" səsləndirirlər:

“Lakin Ermənistanda baş verən oxşar, hətta daha ağır hadisələr – məsələn, etirazçılara qarşı polis zorakılığı, seçki saxtakarlıqları və ya siyasi məhbuslarla bağlı problemlər – çox vaxt ya görməzdən gəlinir, ya da yumşaq şəkildə qeyd olunur. Bu, Qərbin regionda ikili standartlar tətbiq etdiyi təəssüratı yaradır.

Bu fərqli davranışın kökləri bir neçə amildə axtarılmalıdır. Birincisi, Ermənistan Qərb tərəfindən “dost ölkə” kimi qəbul edilir və geosiyasi maraqlar baxımından Rusiyaya alternativ kimi dəstəklənir. Azərbaycan isə neft-qaz resurslarına malik olması və müstəqil xarici siyasət yürütməsi səbəbindən daha çox təzyiq altında saxlanılır. Qərb institutları Azərbaycanı hədəfə gətirərək, öz dəyərlərini regionda tətbiq etməyə çalışır. Lakin Ermənistandakı antidemokratik təcrübələrə göz yumulması bu təşkilatların etibarlılığına xələl gətirir. Məsələn, Ermənistanda 2020-ci ildən bəri etirazçılara qarşı tətbiq olunan zorakılıq və ya jurnalistlərə qarşı təzyiqlər nadir hallarda beynəlxalq təşkilatların gündəminə düşür”.

“Bundan əlavə, Qərbin Ermənistana dəstəyi tarixi və mədəni amillərlə də bağlıdır. Ermənistan diasporasının Qərb ölkələrindəki güclü lobbi fəaliyyəti bu ölkəyə qarşı daha yumşaq mövqeyi şərtləndirir. 44 günlük müharibədən sonra Azərbaycanın haqlı mövqeyi belə Qərbin bəzi dairələrində tənqid olundu, Ermənistanın isə işğalçı siyasəti çox vaxt pərdə arxasında qaldı.

Bu ikili standartlar regionda Qərb institutlarının nüfuzuna kölgə salır. Azərbaycan cəmiyyətində bu təşkilatlara inam tam azalır, çünki onların obyektivliyi şübhə altına düşür. Ermənistanda baş verən insan hüquqları pozuntularına susqunluq isə Qərbin regionda geosiyasi maraqlarını demokratik dəyərlərdən üstün tutduğunu göstərir. Bu vəziyyət Azərbaycanın xarici siyasətində daha müstəqil mövqe tutmasına səbəb olur, eyni zamanda, region ölkələri arasında ədalətsiz rəqabət mühiti yaradır. Nəticədə, Qərb təşkilatlarının regionda sülh və sabitliyə töhfə vermək əvəzinə, onların fəaliyyəti daha çox gərginlik və qeyri-bərabərlik hissi doğurur”, - T.İsmayılov deyib.

Politoloq İ.Hüseynov isə Trend-ə bildirib ki, dünya siyasətində qərəzlilik və ikili standartlar özünü açıq-aydın şəkildə göstərir:

“Ermənistana münasibətdə də bu görünür. Xüsusilə 2018-ci ildən bəri hakimiyyətdə olan Nikol Paşinyanın ölkə daxilində həyata keçirdiyi kəskin və sərt siyasət qərb mediasında əks olunmur, ya da buna göz yumulur. Bu da ikili standartın bir göstəricisidir. Digər dövlətlərdə kiçik bir hadisə tirajlanır, manşetlərə çıxır və geniş müzakirə predmetinə çevrilir. Lakin biz Ermənistanda müxtəlif nümayişlərin kəskin şəkildə polis amansızlığı və şiddəti ilə yatırılmasının ayrı-ayrı media orqanlarında işıqlandırılmasının şahidi olmuruq. Bu da onu deməyə əsas verir ki, bu gün media böyük bir gücə çevrilib.

Böyük media orqanlarının özlərinin siyasəti formalaşdırması, dirijorluq etməsi, yön göstərməsi xüsusilə seçilir. İnformasiya, dördüncü sənaye inqilabı, sosial şəbəkələr fenomeni kontekstində həm də müxtəlif dövlətlərin himayə edilməsi, dəstək göstərilməsi və əksi olaraq ayrı-ayrı dövlətlərdə xırda bir hadisənin şişirdilərək, təqdim edilməsi prosesi baş verir”.

“Azərbaycan ikili standartları üzərində ən çox görən dövlətlərdən biridir. Buna görə də məhz elə Azərbaycan kimi dövlətlərə böyüdücü şüşə altında baxırlar və adi neqativ məsələləri şişirtməyə can atırlar. Ermənistan isə himayə olunur, dəstək alır. Bu da, əlbəttə ki, informasiya müharibəsində Azərbaycanın əleyhinə işləyən amildir. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan informasiya blokadasını yarıb və bir sıra mövqelərdə də üstünlük əldə edib. Hesab edirəm ki, postmüharibə reallıqlarında da Azərbaycan informasiya cəbhəsində öndə olmalı, prosesləri qabaqlamalı, preventiv tədbirlər həyata keçirməlidir ki, bizə qarşı hansısa kəskin mövqe formalaşmasın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti