...

Xüsusi təyinatlılar Eçmiədzindən çıxarılıb (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 27 İyun 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Milli Təhlükəsizlik Xidməti qüvvələrini Eçmiədzində katolikosun iqamətgahından çıxardığını bildirib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, arxiyepiskop Mikael Acapaxyanı ərazidən çıxarmaq üçün gətirilmiş xüsusi təyinatlılara məxsus avtomobil artıq Eçmiədzin kilsəsinin ərazisini tərk edib.

xxx

14:06

Eçmiədzində vəziyyət gərgin olaraq qalır. Erməni ruhanilər Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı saxlamağa çalışan güc strukturlarının növbəti həmləsinə mane olub.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Güc strukturlarının əməkdaşları katolikosun iqamətgahının qapılarını açaraq içəri daxil olmaq istəsələr də, dindarlar buna imkan verməyiblər. Bu zaman qarşıdurma baş verib və nəticədə güc strukturlarının əməkdaşları geri çəkiliblər.

Eçmiədzinə Ermənistan polisinin, xüsusi təyinatlı qüvvələrin və Milli Təhlükəsizlik Xidmətinin böyük qüvvələri cəlb edilib. Dindarlar hələlik onların əraziyə keçməsinə imkan vermir.

xxx

12:42

Eçmiədzində güc strukturu əməkdaşları ilə ruhanilər arasında yaşanan qarşıdurmadan sonra Ermənistanın “Daşnaksütyun” partiyası müxalifət tərəfdarlarını Eçmiədzinə toplanmağa çağırıb.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

xxx

12:42

Ermənistanın Eçmiədzin rayonunda ruhanilərin toplantısının keçirildiyi Müqəddəs Eçmiədzin Ana Taxtının ərazisində yaşanan gərginliklə əlaqədar Ermənistanın Təhlükəsizlik xidməti əraziyə İrəvandan əlavə qüvvələr göndərib.

Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.

Kilsənin yerləşdiyi İsakov prospektində nəqliyyatın hərəkəti polis-patrul dəstələri tərəfindən məhdudlaşdırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında qarşıdurma yaşanmaqdadır.

Jurnalistlərə verdiyi açıqlamada Bütün ermənilərin katolikosu II Qaregin bildirib ki, arxiyepiskop Mikael Acapaxyan hüquq-mühafizə orqanlarına getməyə hazırlaşır və ruhanilər vəziyyəti müzakirə etmək üçün bir araya gələcəklər.

Lakin toplaşan vətəndaşlar ruhaniləri mühasirəyə alaraq Milli Təhlükəsizlik Xidmətinin Şirak yeparxiyasının rəhbərini özləri ilə aparmasına mane olmağa çalışıblar.

xxx

12:16

Ermənistanın Eçmiədzin rayonunda Müqəddəs Eçmiədzin Ana Taxtı kilsəsinin ərazisində ruhanilərlə polis əməkdaşları arasında toqquşma yaşanıb.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Bütün ermənilərin katolikosu, Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qaregin, Ermənistan Apostol Kilsəsinin mənəvi və inzibati mərkəzi olan Müqəddəs Eçmiədzin Ana Taxtının ərazisinə daxil olmuş Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının yanına çıxıb.

Yayılan görüntülərə əsasən, güc strukturlarının əməkdaşları ilə iqamətgahda olan ruhani şəxslər arasında fiziki qarşıdurma yaşanıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının saxlamağı planlaşdırdığı Ermənistan Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan kilsədən çıxaraq onlarla getməyə hazır olduğunu bəyan edib. Katolikos II Qaregin isə əraziyə toplaşan insanları sakitləşdirməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti