Bakı. Trend:
Bir sıra xarici ölkələrə səfər zamanı viza tələb olunur. Vizalar tələblərə uyğun olaraq səfirlik və konsulluq şöbəsindən, yaxud səfirliklərin əməkdaşlıq etdiyi ixtisaslaşmış şirkətlərdən əldə edilir.
Bu barədə Trend-ə açıqlamasında turizm üzrə ekspert Cəfər Qarayev deyib.
O qeyd edib ki, bu şirkətlər turizm şirkətləri deyil:
“Həmin şirkətlər beynəlxalq. yaxud yerli viza üzrə ixtisaslaşıblar. Viza əldə etmək üçün turistlər tərəfindən həmin ölkələrin əməkdaşlıq etdiyi şirkətlərlə görüş günü təyin edilir, zəruri sənədlər hazırlanır və təqdim olunur. Daha sonra bu sənədlər toplanaraq səfirliyə göndərilir”.
“Tövsiyə edərdik ki, vətəndaşlar etibarlı turizm şirkətlərinə müraciət etsinlər ki, onlar sənədləri birbaşa toplasınlar və görüş götürsünlər. Görüşdə vətəndaş yığılmış sənədlər paketi ilə birlikdə şirkətə yaxınlaşaraq təqdim etsin".
Ekspert sosial şəbəkələrdə yayılan reklamlara çox da inanmamağı tövsiyə edib:
“Sosial şəbəkələrdə tanınan, tanınmayan, rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən hər kəs xidmətlərini reklam edir. Ona görə də məsləhət və tövsiyədir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvü olan şirkətlərə müraciət etsinlər. Həmin şirkətlərin əməkdaşlarının göstərdiyi xidmət nəticəsində vətəndaşlarımız imtinalar almaz, yaxud aldanmazlar”, - C.Qarayev qeyd edib.
Turizm eksperti Nizami Həsənov isə Trend-ə açıqlamasında qeyd edib ki, bu məsələ ilə bağlı ciddi problemlər yaşanır:
“Belə hallar bir çoxumuzun qarşısına çıxır. Viza dələduzları, adətən, sosial şəbəkələr vasitəsilə müxtəlif cəlbedici reklamlarla, manevrlərlə vətəndaşlarımızı qarantiyalı viza ilə əlaqədar aldadırlar. Hansısa bir şirkət iş, turist, təhsil vizası ilə bağlı qarantiya verirsə, bu cəfəngiyyatdır, yalan üzərində qurulan vədlərdir. Biz uzun illərdir bu sahədə çalışırıq. Mən bu sahədə çalışdığım 17 ildə belə hallarla çox rastlaşmışam. Hər kəs bilməlidir ki, viza qarantiya ilə olmur. Heç kim Səfirliyin yerinə qarant dura bilməz. Diplomatik korpusların fəaliyyətinə aid olan məsələlərdə heç bir şirkət bunu əminliklə deyə bilməz”.
“Bu gün statistik məlumatlara nəzər salsaq, ən çox fırıldaqçılığa turizmin bu sahəsində rast gəlinir. Belə halların sayı həddən artıq çoxdur. Vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırırıq. Belə hallarla rastlaşmamaq üçün hansısa vədverici reklamlara inanmamağa səsləyirik. Vətəndaşlar mütləq şəkildə əvvəlcədən şirkətin ofislərinə baxış keçirməli, hüquqi sənədlərini tələb etməlidirlər”, - N.Həsənov deyib.