Bakı. Trend:
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmələr arasında Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçusu Rəsul Əlizadə parlaq qələbə ilə yadda qalıb. -55 kq çəki dərəcəsində çıxış edən gənc idmançımız bütün görüşlərdə inamla çıxış edərək Avropa çempionu adına layiq görülüb.
Trend xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası güləşçinin uşaq yaşlarında çəkilən görüntülərini yayıb.
Bildirilib ki, Rəsul Əlizadənin bu uğuru yalnız idman nəticəsi deyil, həm də illər öncə verdiyi vədin gerçəkləşməsidir.
“Sosial şəbəkələrdə yayılan görüntülərdə o, uşaq yaşlarında məşqçisinə Avropa çempionu olacağına söz verdiyini bildirir. Yeniyetmə cüdoçumuz bu vədinə sadiq qalaraq tatamidə göstərdiyi əzmkar mübarizə ilə həmin hədəfə çatıb”, - məlumatda qeyd edilib.