Bakı. Trend:
Bu gün səhər saatlarında İranın paytaxtı Tehran şəhərinin “Enqelab” dairəsindən “Azadi” dairəsi istiqamətində İsrailin İrana hərbi hava hücumları nəticəsində öldürülən yüksək rütbəli hərbi komandanlar və nüvə alimləri ilə vida mərasimi keçirilib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Tehranda 60 hərbçi və nüvə alimi ilə vida mərasimi keçirilib. Vida mərasiminə İranın yüksək səviyyəli rəsmiləri, o cümlədən, İran prezidenti Məsud Pezeşkian qatılıb.
İsrailin İrana 12 günlük hərbi hava hücumları nəticəsində 31 yüksək rütbəli hərbçi, 13 nüvə alimi öldürülüb. Eyni zamanda, 14 nüvə fizikası üzrə tələbənin də öldürüldüyü bildirilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.