Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.
Trend xəbər verir ki, XİN-in bəyanatında bildirilib:
“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.
Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda
azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib.
Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub.
Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar
öldürülüb. Daha 9 nəfər isə saxlanılıb.
Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların
vəziyyətinin ağır olduğu bildirilib.