Bakı. Trend:
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (ikinci cəhd) təşkil olunur.
Trend xəbər verir ki, DİM-in yaydığı məlumata əsasən, imtahanda iştirak etmək üçün 1286 namizəd qeydiyyatdan keçib. Onlardan 990 nəfəri Azərbaycan, 296 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Namizədlərin 533 nəfəri oğlan, 753 nəfəri isə qızdır. İmtahanda 185 nəfər cari ilin, 535 nəfər əvvəlki illərin məzunu, 566 nəfər isə növbəti illərin məzunu kimi iştirak edir. Həmçinin, 11 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçirilir və saat 10:00-da başlayır. İmtahan müddəti 2 saat 30 dəqiqədir. Qeyd olunur ki, imtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır – bu səbəbdən gecikən namizədlər binaya buraxılmayacaq.
Namizədlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
imtahana buraxılış vərəqəsi.
Eyni zamanda, mobil telefon, kalkulyator, kitab, dəftər, çanta, elektron cihazlar və digər yardımçı vasitələr binaya gətirilməməlidir.
İmtahanın təşkili üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı və 6 bina nümayəndəsi ayrılıb. DİM namizədlərə qaydalara əməl etməyi və imtahan binasına yalnız tələb olunan sənədlərlə gəlməyi tövsiyə edib.