Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp özünün və ya ailəsinin digər üzvlərinin gələcəkdə siyasi sülalə formalaşdırması ehtimalını istisna etməyib.
Trend-in məlumatına görə, hazırda "Trump Organization" şirkətinin icraçı vitse-prezidenti olan Erik Tramp bu barədə Financial Times qəzetinə verdiyi müsahibədə danışıb.
O bildirib ki, siyasətçilərin yarısı onu heyran etmir və özünün
daha yaxşı nəticələr göstərə biləcəyinə inanır:
"Bunu zaman göstərəcək. Amma məndən başqaları da var", – deyə o,
ailəsinin digər üzvlərinin də siyasətdə rol ala biləcəyinə işarə
edib.
Bununla belə, Erik Tramp etiraf edib ki, yaxınlarını siyasi sistemin “qəddarlığına” məruz qoymaq istəmədiyindən bu yolda irəliləmək qərarına tam əmin deyil.
Qeyd edək ki, Erik Tramp atası Donald Trampın prezidentliyi dövründə və sonrakı illərdə də ailənin biznes və siyasi fəaliyyətlərində fəal iştirak edib.