Bakı. Trend:
Bolqarıstanda vahid Avropa valyutası – avronun tətbiqinə qarşı Sofiya da daxil olmaqla bir sıra şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları keçirilir.
Trend-in məlumatına görə, paytaxt Sofiyanın mərkəzində nəqliyyatın hərəkətinə mane olan nümayişləri “Solçuların Qorunması” vətəndaş komitəsi və millətçi “Dirçəliş” partiyası təşkil edib.
“Dirçəliş” partiyasının lideri Kostadin Kostadinov jurnalistlərə
açıqlamasında bildirib:
“Avrozonanı məhv etmək üçün lazım olan hər şeyi edəcəyik. Xarici
valyutanı bizə zorla qəbul etdirən maliyyə sistemi tərəfindən idarə
olunuruq. Bu, Bolqarıstanın suverenliyinə birbaşa təhdiddir.”
O əlavə edib ki, avronun tətbiqi ilə Bolqarıstan milli valyutasını itirəcək, ölkənin büdcəsi isə Avropa Mərkəzi Bankı tərəfindən təsdiqlənəcək. Kostadinov baş verənləri “dövlət çevrilişi” adlandırıb və vətəndaşların referendum hüququnun pozulduğunu qeyd edərək, “xalqın səsi eşidilmədiyi üçün etiraz etməyə məcburuq” deyib.
Etirazların Sofiyada iyulun 8-dək davam edəcəyi və şəhər mərkəzinin çadır şəhərciyi ilə bloklanacağı gözlənilir. Aksiya ilə bağlı paytaxt meriyası ilə razılıq əldə olunmayıb.
Bənzər kütləvi aksiyalar Bolqarıstanın digər böyük şəhərlərində – Varna, Plovdiv, Blaqoyevqrad və digər bölgələrdə də keçirilməkdədir. Etirazçılar Avrozonaya keçidin ölkə iqtisadiyyatı və suverenliyi üçün ciddi nəticələr doğuracağından narahat olduqlarını bildirirlər.