Bakı. Trend:
Hələ də gənclər arasında siqaret, xüsusilə elektron siqaretə aludəçilik meyilləri var.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Çox acınacaqlıdır ki, qadınlarımız, qızlarımız bir çox hallarda elektron siqaretdən istifadə edirlər. Bu bizi düşündürür”, - deyə komitə sədri bildirib.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə vurğulayıb ki, layihədə ilk növbədə ictimai sağlamlığın qorunması hədəfi güdülür:
“Çünki bu, getdikcə yayılmaqdadır. Hardasa 15 %-ə yaxın 13-15 yaşına çatmış uşaqlar tərəfindən bunun istifadəsi baş verir. Xüsusilə qadın cinsinə mənsub insanların bu məmulatdan istifadəsi daha da yayğınlaşır. İlkin mənada əyləncə kimi nəzərdə tutulan bu vərdiş sonradan siqaret və narkotikə keçid üçün əsas yarada bilir", - deyə F.Mustafa əlavə edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə də həmçinin deyib ki, elektron siqaretlər ən çox qadınlar arasında təşviq edilir:
“Xanımlar kifayət qədər elektron siqaretdən istifadə edirlər. Son zamanlar artıq hər yerdə müşahidə olunur. Təbii ki, pis haldır. Bu, onkoloji xəstəliklərə gətirən ən əsas səbəblərdən biridir”.
