Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) üzv dövlətlərin, o cümlədən, Azərbaycanın təbii ehtiyatları əsasında karbonun miqdarını azaldan həllərə özəl investisiyaların sürətləndirilməsinə yönəlmiş Təbii Materiallar Bazarının İnkişafı Platformasını yaradacaq və idarə edəcək.
Trend bu barədə AİB-ə istinadən xəbər verir.
Regional təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondundan ayrılmış 1,5 milyon ABŞ dolları məbləğində qrantla dəstəklənir və geniş ölkə spektrini əhatə edir: Əfqanıstan, Ermənistan, Azərbaycan, Banqladeş, Butan, Brüney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Laos, Malaziya, Maldiv adaları, Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippinlər, Papua–Yeni Qvineya, Çin Xalq Respublikası, Marşall adaları, Samoa, Solomon adaları, Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leste, Türkmənistan, Tonqa, Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam.
Platforma sürətlə böyüyən bitkilərdən və bərpa olunan bioloji resurslardan, o cümlədən AİB-in iqlim dəyişikliyi ilə mübarizədə, iqtisadi inkişafda və özəl sektorun artımının təşviqində mühüm alət kimi qiymətləndirdiyi bambukdan əldə olunan təbii materialların potensialının üzə çıxarılmasına xidmət edəcək.
AİB-in məlumatına görə, texniki yardım ekosistemlərin qiymətləndirilməsi, pilot layihələrin yoxlanılması və miqyaslana bilən tərəfdaşlıq platformasının yaradılması yolu ilə təbii materiallar üzrə fəaliyyət göstərən bazarların inkişafına yönəldiləcək. Bu yanaşma risk kapitalının cəlb edilməsinə və regionda təbii materiallar sənayesinin inkişafının sürətləndirilməsinə imkan verəcək.
Təşəbbüsün gözlənilən nəticəsi sənaye ilə tərəfdaşlıq əsasında hazırlanmış regional Təbii Materiallar Bazarının İnkişafı Platformasının yaradılması olacaq ki, bu da bazarların hazırlıq səviyyəsini gücləndirəcək və təbii resurslara əsaslanan karbonun miqdarını azaldan həllərə özəl investisiyaları əhəmiyyətli dərəcədə artıracaq.
