Bakı. Trend:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII qurultayı keçirilib.
Trend xəbər verir ki, tədbirdə qurultay nümayəndələri, dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq təşkilatların və bir sıra ölkələrin həmkarlar ittifaqının rəhbərləri iştirak ediblər.
Qurultayın gündəliyinə Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş komissiyasının hesabatı, yeni Nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2024-cü ildə və bu ilin 11 ayı ərzində 300 minə yaxın həmkarlar ittifaqı üzvünə dəstək göstərilib. Onun sözlərinə görə, hazırda 209 şəhid ailəsinin 378 övladı Konfederasiya və üzv təşkilatların himayəsindədir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Baş Kollektiv Sazişə əsaslanan sosial tərəfdaşlığın inkişafı nəticəsində əldə olunan uğurlardan bəhs edib, ölkəmizdə həyata keçirilən davamlı sosial-iqtisadi islahatların həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə və üzvlərinin rifahının yüksəldilməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov əmək
qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən
işlərdən danışıb, qanunvericiliyin beynəlxalq əmək standartlarına
uyğunlaşdırıldığını vurğulayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki,
2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Saziş artıq
yekunlaşmaq üzrədir. O çıxışı zamanı vurğulayıb ki, Baş Kollektiv
Saziş sosial tərəfdaşlığın inkişafını təmin edən əsas sənədlərdən
biridir və əmək bazarında planlı, dayanıqlı və şəffaf
münasibətlərin formalaşmasına xidmət edəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək işçi hüquqlarının qorunmasında, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın işində AHİK-in rolundan danışıb, qurumun təşəbbüslərinin, eləcə də kollektiv saziş mexanizmlərinin təkmilləşdirilməsi və sosial tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinin ölkəmizdə həyata keçirilən sosial siyasəti dəstəklədiyini bildiriblər.
Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş
katibi Luk Trianqlın və Beynəlxalq Əmək Təşkilatı İşçilərin
Fəaliyyəti Bürosunun direktoru Oliver Röpkenin qurultaya
videomüraciəti izlənilib.
Həmçinin qurultayda çıxış edən Pan-Avropa Regional Şurasının sədri
İqor Zubku, Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının
sədri Ərgün Atalay, Özbəkistan Həmkarlar İttifaqları
Federasiyasının sədri Qudratulla Rafiqov, Qazaxıstan Həmkarlar
İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Qırğızıstan
Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde,
Türkiyə Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Öndər Kahveçi, Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin
sədri Gezim Kalaya və Türkiyə Metal İşçiləri Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Uysal Altundağ AHİK-in beynəlxalq
əməkdaşlığın inkişafına verdiyi töhfələri və Azərbaycanın sosial
dialoq modelini müsbət qiymətləndirib, qurultayın işinə uğurlar
arzulayıblar.
Sonra Təftiş komissiyasının hesabatı dinlənilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təftiş Komissiyasının sədri Tural Qasımov bildirib ki, hesabat dövründə həmkarlar ittifaqlarına 739,480 ərizə və şikayət daxil olub. Onun sözlərinə görə, bütün ərizə, şikayət və müraciətlərə baxılıb, onların 96%-dən 10.5%-i müsbət nəticələnib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri Araz Paşayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Elnara Muradova, Aqrar, Ekologiya və Su
Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Birliyinin
sədri Məmməd Həsənov çıxış ediliblər.
Müzakirələrdən sonra AHİK-in qurultaylararası dövr üzrə və Təftiş
komissiyasının hesabatları, eləcə də yeni Nizamnaməsi təsdiq
olunub, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla da
AHİK-in VIII Qurultayı işini başa çatdırıb.
