Bakı. Trend:
Fransanın Trevu şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər həlak olub, azı 13 nəfər yaralanıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qurbanlar üç və beş yaşlarında olan uşaqlardır. İlkin versiyaya görə, partlayış dördmərtəbəli binanın birinci mərtəbəsində qaz sızmasından baş verib. Binanın çökmüş hissəsinin dağıntıları altında azı 2 nəfərin qaldığı güman edilir.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, partlayışdan sonra zərərçəkənlərə yardım məqsədilə hadisə yerinə 50 yanğınsöndürən, 36 nəqliyyat vasitəsi və tibbi personal səfərbər edilib.
Məlumata əsasən, yaxınlıqda yerləşən iki məktəbə də partlayış dalğasından maddi ziyan dəyib, pəncərələr sınıb, lakin məktəb rəhbərliyi heç kimin xəsarət almadığını təsdiqləyib.
