Bakı. Trend:
Dövlət Bütövlükdə siqaret bazarına münasibətdə fiskal maraqlar güdmür.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu seqment tamamilə qadağan edildikdən sonra dövlət həm idxal rüsumlarından, həm aksizlərdən, eyni zamanda əlavə dəyər vergisindən bir növ imtina etmiş olur.
“Bu da büdcə üçün itkilərdir. Yəni tərəzinin gözünə qoyanda büdcə itkiləri, büdcə vəsaitləri, yoxsa əhalinin sağlamlığı? Təbii ki, dövlətimizin ümumi siyasəti vətəndaşa yönəlikdir. Bu baxımdan burada həm də dövlətimizin indiyə kimi əsas götürdüyü dəyərlər, prinsiplər olduqca önəmlidir”.
Millət vəkili xatırladıb ki, elektron siqaretlər idxala əsaslanır və bunun yerli istehsalı yoxdur:
“Bir tərəfdən vətəndaşımız üçün, gənclərimiz üçün ziyanlıdır. İkinci bir tərəfdən də biz sanki bu məhsulların istehsalçısı olan xarici ölkələri maliyyələşdirmiş oluruq. Yəni bunun bəlli bir məbləğdə idxalı var. O baxımdan indiki şəraitdə bunun həm də iqtisadiyyatımız üçün müsbət tərəflərini qeyd edə bilərik”.
A.Əmiraslanov əlavə edib ki, qadağalar varsa da, qara bazar, qaçaqmalçılıq, hansısa bir şəkildə bu cür məhsullara əlçatanlığın təmin edilməsi halları da müşahidə oluna bilər.
“Sonrakı mərhələdə məhz bu qara bazarın formalaşmasına qarşı ciddi mübarizə tədbirləri aparılmalıdır. Hətta elektron siqaretlər rəsmi olaraq, yəni qadağan olunmadığı bir şəraitdə də bu istiqamətdə biz o cəhdləri görürük və bu cəhdlərin qarşısı alınmaqdadır”, - deyə o fikrini tamamlayıb.
