Bakı. Trend:
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Bildirilib ki, layihəyə əsasən, 3 əsas istiqamət üzrə Əmək Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur:
- Mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyən dəyişikliklər;
- Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilən dəyişikliklər;
- “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma çərçivəsində edilən dəyişikliklər.
Mahiyyəti üzrə aparılan dəyişikliklər
- Layihədə Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına tələblərindən irəli gələrək Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına "ailə vəzifələri olan işçi" anlayışı gətirilmişdir.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-cü il 10 iyul tarixli 227 nömrəli birgə qərarla bağlanmış "2014-2015-ci illər üçün Baş Kollektiv Saziş"in 2.3-cü bəndində Məcəllədə "minimum əməkhaqqı" anlayışının Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli Konvensiyasının 3-cü maddəsində verilən tərifə uyğunlaşdırılması öhdəliyi götürülmüşdür. Bu öhdəlik "minimum əmək haqqı" anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə uyğunlaşdırılması məqsədilə yeni redaskiyada verilmişdir.
- Məcəllənin bir sıra maddələrində (məsələn, 31-ci maddenin 3-cü hissəsi, 47-ci maddənin a) bəndi, 73-cü maddənin 2-ci hissəsi və s.) işçilərin ezamiyyəsi, eləcə də ezamiyyəni qadağan edən hallar barədə norma və qaydalar mövcuddur. Bununla yanaşı Məcəllədə işəgötürənin işçini xidməti tapşırıqların yerinə yetirilməsi zərurəti ilə əlaqədar ezamiyyətə göndərmək hüququ, eləcə də işçinin belə hallarda ezamiyyə xərclərini almaq hüququ öz əksini tapmamışdır. Göstərilənlərə əsasən Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına "Ezamiyyət" anlayışı gətirilmişdir.
- Prioritet istiqamet olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışı gətirilmişdir.
- Əmək Məcəlləsinin 10-1-ci maddəsinin işləmə mexanizmini tənzimləmək, təcrübədə yaranan anlaşılmazlıqları aradan qaldırmaq 112 məqsədilə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri (sərəncamı) ilə rəsmiləşdirilməsi və bu halda, işçinin əmək müqaviləsinə 70-ci maddəsinin "e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməməsi ilə bağlı tənzimləyici norma əlavə edilmişdir.
- "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 56.0.2-ci maddəsinə əsasən Məcəllənin bir çox maddələrində "əmək müqaviləsinin ləğv edilməsi" və ya "əmək müqaviləsinə xitam verilməsi” ifadələri eyniləşdirilmişdir.
- Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsaslarını gücləndirmək məqsədilə Əmək Məcəlləsinə üçtərəfli komissiya ilə bağlı yeni 41-1-ci madde əlavə olunmuşdur.
- Sözügedən Məcəllənin 47-ci maddəsinə təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda müddətli əmək müqaviləsinin bağlanılmasını müəyyən edən norma əlavə edilmişdir.
- sınaq müddətini keçmədiyinə görə işəgötürənin işçini işdən azad edə bilməsi bağlı 70-ci maddəsinə düzəliş edilir.
- Təcrübədə yaranan problemlər aradan qaldırılması məqsədilə 69-cu və 73-cü maddələrin adında dəyişiklik edilir. Bu maddələrin adından "qayda" sözü çıxarılır, "Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi" və "Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi" kimi tənzimlənmişdir.
- Məcəllənin 70-ci maddəsinin "a" bəndinə əsasən müəssisə ləğv edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilir. Praktikada fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işçilərlə bağlanılan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çoxsaylı suallar yaranır. Qeyd edilən halın tənzimlənməsi məqsədilə 70-ci maddənin "a" bəndi təkmilləşdirilərək müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsası kimi verilmişdir.
- "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən "həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının en azı üç misli məbləğində müavinət ödənilir". Uyğunsuizluğun aradan qaldırılması məqsədilə Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinin birinci və üçüncü cümlələri dəqiqləşdirilərək Məcəllədə müavinətin orta əmək haqqının azı 3 misli məbləğində verilməsi təmin edilmişdir.
- İşçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı Məcəllənin 117-ci maddəsinə tənzimləmə gətirilir.
- 120-ci maddə yeni redaksiyada verilərək məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin dairəsi yenilənmişdir.
- Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulması ilə bağlı 125-ci maddənin 4-сü hissəsində norma müəyyən edilmişdir.
- Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə, eləcə də analoji hal olaraq 177-ci maddəsinin 3-cü hissəsinə 3-1-ci hissə əlavə edilərək məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə ve ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunması ilə bağlı tənzimləmə nəzərdə tutulur.
- Təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilmişdir.
- Əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə 223-cü maddəyə yeni hissə əlavə edilmişdir.
BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq aparılan təkmilləşdirmə
Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər reftar haqqında" 156 nömrəli Konvensiyasının tələblərindən irəli gələrək, "ailə vəzifələri olan işçi", BƏT-in "İnkişaf etmiş ölkələri xüsusi nəzərə almaqla minimum əmək haqqının müəyyən edilməsi haqqında" (1970) 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə əsasən, "Minimum əmək haqqı" anlayışı Məcəlləyə əlavə edilmişdir.
"BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasının "Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında" 165 nömrəli Tövsiyəsinin 21-ci bəndinin 3) hissəsini nəzərə alınaraq Əmək Məcəlləsinin 94-cü maddəsi yeni redaksiyada verilmişdir.
"Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinə əsasən Məcəlləsinin 125-ci maddəsinə yeni 3-cü hissə əlavə edilmişdir.
Azərbaycan Respublikasının qoşulduğu BƏT-in "Ödənişli məzuniyyətlər haqqında" 132 nömrəli Konvensiyasının 12-ci maddəsinə əsasən Məcəllənin 138-ci maddəsinə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir.
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbləri baxımından aparılan təkmilləşdirmə
Məcəllənin 3-cü, 6-cı, 9-cu, 10-cu, 11-ci, 14-cü, 21-ci, 25-ci, 27-ci, 28-ci, 29-cu, 31-ci, 32-ci, 38-ci, 40-cı, 46-cı, 47-ci, 48-ci, 56-cı, 58-ci, 61-ci, 63-cü, 65-ci, 67-ci, 67-1-ci, 67-2-ci, 69-cu, 70-ci, 71-ci, 74-cü, 76-cı, 77-ci, 79-cu, 80- ci,83-cü, 86-cı, 95-ci, 96-cı, 101-ci, 103-cù, 105-ci, 107-ci, 108-ci, 114-cü, 117- ci, 122-ci, 124-cü, 130-cu, 131-ci, 133-cü, 136-cı, 137-ci, 140-cı, 141-ci, 143- cü, 144-cü, 146-cı, 148-ci, 150-ci, 156-cı, 171-175-ci, 177-ci, 178-ci, 182-ci, 183-cü, 185-190-cı, 195-ci, 196-cı, 200-cü, 205-ci, 208-ci, 209-cu, 212-ci, 213- cü, 219-cu, 220-ci, 221-ci, 223-cü, 224-cü, 245-ci, 255-ci, 256-cı, 257-ci, 260- cı, 265-ci, 267-ci, 269-cu, 270-ci, 274-cü, 275-ci, 277-ci, 278-ci, 284-cü, 288- ci, 294-cü, 295-ci, 300-cü, 305-ci, 307-ci, 308-ci, 315-ci maddələrinə, habelə, Məcəllənin 1-ci əlavəsindəki Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasının 4.25-ci, 9-1-9-4-cü bəndlərine mahiyyət üzrə edilmiş dəyişikliklərdən irəli gələrək, o cümlədən texniki uyğunsuzluqların aradan qaldırılması məqsədilə düzəlişlər edilmişdir.
Eyni zamanda qanun layihəsində "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbləri çərçivəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş dəyişikliklərdən irəli gələrək digər məcəllə və qanunlarda da uyğunlaşdırma xarakterli dəyişikliklər təklif edilmişdir.
