Xocalı. Trend:
Təzəbinə və Seyidbəyli kəndlərinə yola salınan ailələr Xocalı şəhərinə çatıblar, mənzillərin açarları təqdim olunub.
Trend-in Qarabağ bürosu xəbər verir ki, qarşılanma və açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Mərasimdən sonra Təzəbinə və Seyidbəylidə məskunlaşacaq ailələr həmin kəndlərə yola salınıb.
Qeyd edək ki, bu köçlə Təzəbinəyə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər), Seyidbəyliyə köçürülən ailələrin sayı isə 48-ə (168 nəfər) çatıb.
xxx
12:34
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Xocalı rayonunun Təzəbinə kəndinə 10 ailə olmaqla 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailədən 41 nəfər Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
