Bakı. Trend:
Yerlərdə vətəndaşdan tələb olunur ki, daha öncə təsdiq edilən növbətçilik qrafikinə əsasən, vətəndaşın təyin edildiyi növbəti iş qrafikinə uyğun gündüz və gecə iş rejiminə əməkhaqqının ortalama aylıq hesabat üzrə hesablanmasına, həmçinin gələcəkdə iş qrafikinin dəyişilməsinə etiraz etməsinlər.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, əvvəldən vətəndaşın qanunvericiliyin verdiyi üstünlüklərdən yararlanmaması üçün bu qəbildən olan addımlar atılır:
“Əmək Məcəlləsində bu məqamlar nəzərə alınmaqla yanaşı, eyni zamanda müvafiq qanunvericilik aktlarında vətəndaşların işçi hüquqlarının pozulması ilə bağlı olan məqamlarda sanksiyalar ciddi şəkildə sərtləşdirilməlidir”.
Deputatın sözlərinə görə, kənd bələdiyyələrinin büdcəsi əsasən yerli vergilərdən formalaşır. Onlar öz işçilərinə görə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) mütəmadi olaraq vəsait ödəmək məcburiyyətindədirlər.
“Lakin kənd yerlərində yığımda problemlər olur. Bu da vaxtında əməkhaqlarının verilməməsinə zəmin yaradır. Belə olan halda da DSMF-yə ödənişlər vaxtında edilmir. Bu da cərimələrin üst-üstə gəlməsinə gətirib çıxarır.
Kənd bələdiyyələrinin büdcələri bunların öhdəsindən gəlmək iqtidarında deyil. Gələcəkdə də bu istiqamətdə tənzimləyici addımların atılmasına və kənd bələdiyyələrinin vəziyyətinin nəzərə alınmasına ehtiyac var”, - deyə E.Mirzəbəyli qeyd edib.
