Bakı. Trend:
İranın dəmir yolu şəbəkəsinin Azərbaycan, Rusiya, Gürcüstan və digər qonşu ölkələrin dəmiryolu şəbəkəsinə qoşulması zəruridir.
Trend-in məlumatına görə, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq məsələlər üzrə mərkəzinin direktoru Əmin Tərəffo bu gün (16 dekabr) Tehranda 9-cu Nəqliyyat, Logistika və Əlaqədar Xidmətlər Sərgisində təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran tranzit və yükdaşıma sahəsində imkanlar yaratmaq üçün bütün qonşu ölkələrlə dəmiryolu əlaqəsi qurmalıdır.
Tərəffo bildirib ki, doğrudur Xəzər dənizinin şərqində İranın Rusiya və Orta Asiya ölkələri ilə dəmiryolu əlaqəsi var. Lakin əhali sıxlığı Rusiyanın qərb hissəsində olduğu üçün bu ölkənin qərbinə dəmiryolu xətti ilə birləşmək böyük əhəmiyyət kəsb edir.
Nazirlik rəsmisi əlavə edib ki, İran və Avrasiya İqtisadi İttifaqı arasında sərbəst ticarət sazişinin mövcud olduğunu nəzərə aldıqda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolu xəttinin tikintisi diqqətləri bir daha özünə cəlb edir.
Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
