Bakı. Trend:
Dövlət qulluqçusunun dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə ona birdəfəlik haqq veriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirə olunan "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusunun "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.
Mövcud qanunvericiliyə görə, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
