Bakı. Trend:
Eskişehirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Türk Dünyası Gələcəyin Liderləri Forumu: Təhsildən iş dünyasına” adlı tədbir keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
İki gün davam edən tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Eskişehir Azərbaycanlılar Dərnəyinin EsAzDer Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin birinci günündə hər iki ölkənin Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də türk dünyasının digər dövlət xadimlərinin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində EsAzDer Akademiyasının rəhbəri Dr. Nurlan Maarif və TADEF-in sədr müavini Settar Kaya Ümummilli Lider Heydər Əliyevin türk dünyasının birliyi, siyasi həmrəyliyi və strateji əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən söhbət açıblar. Onlar Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin bugün də Türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb, onun ideyalarının gələcək nəsillər üçün yol göstəricisi olduğunu qeyd ediblər.
Rəsmi çıxışlardan sonra tədbir panel iclası ilə davam edib.
Dosent İnci Oya Coşkunun moderatorluğu ilə keçirilən “Təhsildən biznes dünyasına çoxşaxəli baxış” panelində qlobal karyera imkanları, beynəlxalq iş mədəniyyəti, çoxmədəniyyətli komandalar, gənc sahibkarlıq, rəqəmsal iqtisadiyyat və innovasiya mövzuları müzakirə olunub.
Paneldə professorlar Mehmet Başar və Gökçe Yüksek, eləcə də Vəli Səfərov və Dr. Asif Kurban mövzu barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda panel iştirakçılarına plaket və təşəkkürnamələr təqdim olunub.
Forumun ikinci günündə iki seminar və “Bermuda” bilik yarışı təşkil olunub. Eskişehir Ticarət Palatasının Baş katibinin müavini Okan Adıyaman karyera planlaşdırılması və iş həyatında fərdi inkişaf və səlis nitq təlimi, teatr rejissoru Şeker Aybala isə ictimaiyyət qarşısında görünüş, bədən dili və ünsiyyət bacarıqları mövzularında iştirakçılara praktiki tövsiyələr verib.
“Bermuda” Bilik Yarışının nəticələrinə əsasən, I yerə “Generation Pi”, II yerə “102 Life”, III yerə “Spartak” komandası layiq görülüb. Qalib komandalar hədiyyələrlə mükafatlandırılıb.
Bağlanış mərasimində çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın türk dünyasını bir araya gətirən belə elmi və peşəkar platformaların əhəmiyyətini vurğulayıb. O, təşkilatçılara, məruzəçilərə, dəstək göstərən qurumlara və iştirakçılara təşəkkürünü bildirib.
