Bakı. Trend:
İngiltərənin şərqində yerləşən Norfolk bölgəsində, RAF Marham hava bazası yaxınlığında ABŞ-dən alınacaq nüvə silahı daşıya bilən F-35A qırıcılarına qarşı etiraz aksiyası keçirilib.
Trend-in məlumatına görə, aksiyanı “Nüvə Silahsızlığı Kampaniyası” (CND) təşkil edib. Qurumun yaydığı bəyanatda bildirilib:
“Bu gün RAF Marhamda Böyük Britaniyanın nüvə silahı proqramının genişlənməsinə qarşı etiraz etdik. İctimai məsləhətləşmə və parlament müzakirəsi olmadan hökumət silahlanma adı altında rifah və ictimai xidmət sahələrində kəsintilər həyata keçirir.”
Aksiyada onlarla insanın iştirak etdiyi bildirilir və hərəkat nümayəndələri etirazların davam etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, iyunun 24-də Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-dən B61-12 taktiki termonüvə bombaları daşımaq imkanına malik 12 ədəd F-35A qırıcısının alınacağını elan etmişdi. Bu qərar ictimaiyyət və bəzi vətəndaş cəmiyyətləri tərəfindən tənqidlə qarşılanıb.