Bakı. Trend:
Almaniyanın “Volkswagen” şirkəti hava yastığındakı təhlükəli qüsura görə 16 min 500 avtomobili geri çağırır.
Trend-in “Spiegel” qəzetinə istinadən verdiyi məlumata görə, nasazlıq şirkətin daimi keyfiyyət yoxlamaları zamanı bir təchizatçının təqdim etdiyi məlumat əsasında aşkarlanıb. Geri çağırılma profilaktik tədbir kimi həyata keçirilir.
Qüsur hava yastığının qaz generatorunda qeydə alınıb və bu
problem aşağıdakı modellərdə aşkarlanıb:
“Polo”, “Passat”, “Taigo”, “ID.7”, “ID.7 Tourer” və “ID.Buzz”.
Şirkətin açıqlamasında bildirilib ki, qəza zamanı sözügedən hissənin partlaması və içərisindəki komponentlərin sərnişinlərə ağır və ya hətta ölümcül xəsarətlər yetirməsi ehtimalı mövcuddur.
Avtomobil sahibləri “Volkswagen” tərəfindən məlumatlandırıldıqdan sonra rəsmi dilerlərlə əlaqə saxlayaraq nəqliyyat vasitələrini texniki baxışa aparmalıdırlar. Təmir zamanı ön hava yastığının deaktiv ediləcəyi və bu səbəbdən ön sərnişin oturacağından istifadə edilməməsi tövsiyə olunub.