Bakı. Trend:
İyunun 29-da saat 04 radələrində Masallı rayonunun Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində baş verən qətl hadisəsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovanı, həyat yoldaşı Arzu Zərbəliyevanı, baldızı Aysunu və qohumu Fərman Qarayevi "Lion" markalı ov tüfəngi ilə atəşə tutub.
Hadisə nəticəsində Aybəniz Məmmədova yerindəcə həyatını itirib, digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Kamran Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.