Bakı. Trend:
Almaniya Bundestaqındakı Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) fraksiyasının sədri Yens Spahn Fransa və ya Böyük Britaniyanın Almaniyaya nüvə silahlarına birbaşa çıxış imkanı verməli olduğunu bildirib.
Trend-in məlumatına görə, siyasətçi Avropanın öz müdafiəsini gücləndirməsi üçün bu məsələni ciddi şəkildə müzakirə etməyə çağırıb.
"Biz Fransa və Böyük Britaniyanın nüvə silahı arsenalına çıxışda Almaniyanın və ya Avropanın iştirakını, ola bilsin ki, digər Avropa ölkələri ilə birlikdə öz iştirakımızı müzakirə etməliyik", – deyə Spahn vurğulayıb.
Onun sözlərinə görə, hazırda Almaniya ərazisində yerləşdirilmiş ABŞ nüvə silahları Avropanın təhlükəsizliyi üçün yetərli deyil və potensial rəqibləri cilovlamaq üçün daha təsirli mexanizmlərə ehtiyac var.
Spahn bu cür qərarın maliyyə baxımından böyük yük olacağını etiraf etsə də, “müdafiə istəyənlər bunu maliyyələşdirməyə hazır olmalıdır”, – deyə bildirib.
O, həmçinin avropalıları vahid “nüvə çətiri”nin yaradılması ideyasını müzakirə etməyə, nüvə silahlarına nəzarətin isə vaxtaşırı bir Aİ ölkəsindən digərinə ötürülməsi ilə bağlı mexanizmin tətbiqini nəzərdən keçirməyə çağırıb. Bu, onun fikrincə, potensial düşməni qeyri-müəyyənlikdə saxlamağa imkan verəcək.