Bakı.Trend:
Azərbaycana qarşı qərəzli siyasət aparılır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Onun sözlərinə görə, Qarabağda qazandığımız və xarici siyasətdə olan uğurlarımız çox ölkəni, o cümlədən Rusiyanı da narahat edir.
"Bizə qarşı təzyiqlər artırılır. Biz bunu həm təyyarənin vurulmasında, həm Rusiyadan olan kiber hücumlar zamanı, həmçinin Yekaterinburq hadisələrində etnik azərbaycanlılara qarşı olan zorakılıq zamanı da gördük. Bütün bunlar göstərir ki, Azərbaycanın uğurları qısqanclıq yaradır. Bizə hərtərəfli təzyiqlər artır".
F.İsmayılzadə qeyd edib ki, biz bunu qətiyyən qəbul etmirik.
“Azərbaycan öz xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı hörmət tərəfdarıdır. Əgər belə hadisələr baş verərsə, təbii ki, bu bizim münasibətlərimizə təsir edəcək. Eyni zamanda azərbaycanlı deputatın da Rusiya ərazisinə buraxılmaması həmin bu siyasətin tərkib hissəsidir. Biz bunu qəti qınayırıq və tənqid edirik. Rusiyadan daha praqmatik və hörmətli münasibət gözləyirik"- deyə F.İsmayılzadə qeyd edib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.