Bakı. Trend:
İsrailin İrana hücumları fonunda Tehranın “Evin” həbsxanasına avizərbələr nəticəsində 79 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölənlər məhbuslarla görüşə gələn ailələr, həbsxana məmurları və b. olub.
Cahangir deyib ki, aviazərbələr nəticəsində bir qrup şəxs də yaralanıb.
Qeyd edək ki, 23 iyunda İsrail Tehranın “Evin” həbsxanasına aviazərbələr endirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.