Bakı. Trend:
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Silahlı Qüvvələr Günü və qeyri-iş günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-29 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1249 reys həyata keçirilib, 27510 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə yaxın reys həyata keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 3144 reyslə 32062 sərnişin daşınıb.
Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.