Bakı. Trend:
Son günlər Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr Azərbaycanda ciddi narahatlıq doğurub. Azərbaycan vətəndaşlarının kütləvi şəkildə saxlanılması, onlara qarşı qeyri-insani rəftarın olması, hüquq-mühafizə orqanları tərəfindən kobud güc tətbiq olunması və bəzi hallarda ölüm hallarının qeydə alınması cəmiyyətdə rezonansa səbəb olub. Faktlar göstərir ki, saxlanılan azərbaycanlılara qarşı Rusiyanın xüsusi xidmət orqanları tərəfindən vəhşicəsinə işgəncələr tətbiq olunub. Məhkəmə qarşısına çıxarılan şəxslərin üzərindəki açıq-aşkar izlər – göyərmiş sifətlər, şişmiş gözlər – hər şey öz dilində danışır. Hətta işgəncələr nəticəsində bir neçə azərbaycanlı dünyasını dəyişib. Hadisənin təfərrüatı hələ də Rusiya rəsmiləri tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub. Sükut, əslində, etirafın fərqli bir formasıdır.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycan və Rusiya arasında illərdir strateji tərəfdaşlıq münasibətləri qurulub. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq sənədləri imzalanıb, dövlət başçıları arasında mütəmadi əlaqələr mövcuddur. Lakin son vaxtlar baş verən hadisələr göstərir ki, bu tərəfdaşlıq birtərəfli tətbiq olunur və rusiyalı rəsmi dairələrin real davranışlarında əksini tapmır. Əgər iki dövlət arasında etimad və hörmət prinsipləri əsas götürülürsə, niyə Azərbaycan vətəndaşları Rusiyada milliyyətinə görə təqib olunur, döyülür, öldürülür? Niyə bu qədər insan hüququ pozuntusu fonunda Rusiya rəsmi qurumları susur? Yekaterinburqda baş verənlər təkcə hüquqi yox, həm də siyasi məsələdir. Azərbaycanlılara qarşı bu cür rəftar Rusiya daxilində milliyətçi yanaşmaların və ayrı-seçkiliyin gücləndiyini göstərir. Bu, təkcə azərbaycanlılara deyil, ümumiyyətlə, qeyri-rus millətlərə qarşı aqressiv münasibətin artdığının əlamətidir. Artıq hadisələrin üstündən bir neçə gün keçməsinə baxmayaraq, Rusiya rəsmiləri hələ də azərbaycanlıların işgəncələr nəticəsində ölməsi ilə bağlı heç kəsi məsuliyyətə cəlb etməyib. Əksinə, Rusiya tərəfi cəfəng bəraətlər səsləndirməyə davam edir. Belə ki, onların sözlərinə görə, ölənlərdən biri guya ürəktutmasından dünyasını dəyişib, digərinin isə ölüm səbəbi aradşrırılır. Lakin sağ qalan və məhkəməyə çıxarılan azərbaycanlıların üzlərindəki yaralardan da açıq-aydın bəlli olur ki, onlar qeyri-insani rəftara məruz qalıblar, döyülüblər və işgəncə görüblər. Amma Rusiya tərəfi həmişə olduğu kimi, bu məsələni də ört-basdır etmək istəyir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Rusiya tərəfinin məsuliyyətdən yayınmağa çalışması bir ilk deyil, onlar bunu həmişə etməyə çalışırlar.
"Uzağa getməyə gərək yoxdur. Ötən ilin sonunda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qroznı üzərində vuruldu, Aktauda qəzaya uğradı, hadisə nəticəsində onlarla insan həlak oldu. Bu hadisəyə görə hələ də heç bir izahat və üzr təqdim edilməyib. Rusiya tərəfi susur. Kreml heç kəsi məsuliyyətə cəlb etmir. Halbuki bu, çox ciddi hadisədir və onun üstündən sükutla keçmək mümkün deyil. Azərbaycanın xalqı da, hakimiyyəti də cavab, günahkarların məsuliyyətə cəlb edilməsini, rəsim şəkildə təyyarənin vurulmasına görə üzürxahlıq tələb edir. Amma, dediyim kimi, Rusiya həmişə olduğu kimi, burada da məsuliyyətdən yanaşmağa çalışır, susur. Nə kimisə cəzalandırırlar, nə də üzr istəyirlər", - o bildirib.
Bundan əlavə, politoloq vurğulayıb ki, son aylarda Azərbaycan xəbər portallarına və dövlət saytlarına qarşı yönəlmiş kiberhücumlar da mənbə olaraq Rusiyaya bağlanır.
"Mütəxəssislər bu hücumların koordinasiyalı şəkildə həyata keçirildiyini, texniki izlərin isə Rusiya serverlərinə aparıb çıxdığını bildirirlər. Hədəfdə dövlət informasiya sistemləri, xəbər agentlikləri və ictimai rəy formalaşdıran platformalar olub. Bu, informasiya müharibəsinin təzahürüdür və onun arxasında dost yox, düşmən niyyət dayanır. Bunun ardınca Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması faktı ortaya çıxdı.
Rəsmi Moskva buna hər hansı açıqlama vermədi. Halbuki belə davranış dost və tərəfdaş münasibətlərinə ziddir. Bütün bu elementlər - fiziki təqib, işgəncə, ölüm, kiberhücum və diplomatik təzyiqlər * Rusiyanın Azərbaycanla münasibətlərində ikili standartlar tətbiq etdiyini və milliyətçi mövqedən çıxış etdiyini göstərir. Bu münasibətlərdə məhz Azərbaycan nümunəvi bir dövlət kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, amma Rusiya öz öhdəliklərindən yayınır", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, bu cür aqressiyanın fonunda Azərbaycan cəmiyyətində yaşayan ruslara münasibət nümunəvi sayıla bilər. Azərbaycan çoxmillətli bir dövlətdir və burada rus icması özünü təhlükəsiz və komfortlu hiss edir. Bunu rus icmasının nümayəndələri təsdiq edir, hətta onlar Yekaterinburqda azərbaycanlılara qarşı son hadisələri də pisləyib, günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.
"Azərbaycanda onlarla rus məktəbi fəaliyyət göstərir, ali məktəblərdə rus bölmələri açıqdır, rus dilində qəzetlər, televiziya kanalları yayımlanır. Rusiyalı turistlər və iş adamları Azərbaycanda heç bir ayrı-seçkiliklə qarşılaşmadan sərbəst şəkildə fəaliyyət göstərirlər. Rusiya vətəndaşları burada mülkiyyət alır, biznes açır, ailə qurur və rahat həyat yaşayırlar. Azərbaycan dövləti uzun illərdir multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanda bütün millətlər və dinlər bərabər hüquqlara malikdir, aralarında heç bir ayrı-seçkilik yoxdur. Bu gerçəkliyin qarşısında Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqlar daha da ağrılı görünür. Sual yaranır: əgər Azərbaycanda ruslara qarşı heç bir basqı yoxdursa, niyə Rusiyada azərbaycanlılara qarşı bu qədər aqressiv münasibət var? Burada da insanın ağlına bir cavab gəlir - milliyətçilik", - o bildirib.
Politoloq qeyd edib ki, işgəncə və qeyri-insani rəftar beynəlxalq hüquqda ən ağır cinayətlərdən sayılır.
"Hər bir dövlət öz ərazisində olan xarici vətəndaşların, ayrı millətdən olan öz vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir. Rusiya isə bu məsuliyyəti yerinə yetirmir. Əksinə, dövlət strukturlarının iştirakı ilə hüquq pozuntuları baş verir və heç bir məsul şəxs cəzalandırılmır. Düşünürəm ki, rəsmi Bakı Rusiya ilə olan münasibətlərdə bu faktları nəzərə alaraq daha sərt və prinsipial mövqe sərgiləməlidir. Azərbaycan cəmiyyətində bu hadisələrə qarşı artıq ciddi etiraz formalaşmağa başlayıb. Sosial şəbəkələrdə, mediada və ictimai debatlarda bu məsələ geniş müzakirə olunur. İnsanlar öz mövqelərini bildirir, Rusiya tərəfinin susqunluğunu və zorakılığını tənqid edir. Rusiyada azərbaycanlılara qarşı baş verən son hadisələr təkcə hüquqi yox, eyni zamanda, mənəvi və siyasi problemdir. Bu, iki dövlət arasında etimadın ciddi şəkildə zədələnməsinə səbəbdir. Dostluq və tərəfdaşlıq kağız üzərində yox, real addımlarda öz əksini tapmalıdır. Əks halda, bu münasibətlər sadəcə formal bəyanatlardan ibarət olacaq", - A.Qarayev əlavə edib.