Bakı. Trend:
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi yenidən ekspertizaya göndəriləcək.
Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli söyləyib.
"Yekaterinburqdakı hadisələr təkcə ailəmiz deyil, bütün Azərbaycan üçün ağır oldu. Bir azdan Rusiyanın güc strukturlarının amansız işgəncələri nəticəsində həyatını itirmiş qardaşlarımın cənazələri ölkəyə gətirilir.
Rusiyada həyata keçirilən qurama, qeyri-obyektiv, qondarma ekspertizanın rəyi ilə bağlı həqiqətin üzə çıxarılması, haqq-ədalətin öz əksini tapması üçün ölkəmizin peşəkar həkimləri tərəfindən cənazələr yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq", - deyə o vurğulayıb.
Seyfəddin Hüseynli fikirlərini belə davam etdirib:
"Bizim xalqımız da, dövlətimiz də alicənabdır. Hər zaman öz nəcibliyini qoruyub. Sözsüz ki, Azərbaycan bu məsələdə də tam qanuna uyğun şəkildə davrandı, adekvat addımlar atdı. Azərbaycan dövləti göstərdi ki, hər bir vətəndaşının, ümumilikdə bütün azərbaycanlıların hüququnu, haqqını qorumağa qadirdir, bunun üçün çalışır. Dövlətimiz Azərbaycan mənsubiyyəti olan heç bir insanın zülmə, işgəncəyə məruz qalmasına sakit baxmayacaq”.
Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.