Bakı. Trend:
Azərbaycan Respublikasının Rusiyanın Yekaterinburq şəhərindəki Baş Konsulluğundan verilən məlumata görə, Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə iyunun 30-u Bakı vaxtı ilə saat 17:30-da oradan yola düşəcək.
Bu sözləri Trend-ə açıqlamasında Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən azərbaycanlıların qardaşı Seyfəddin Hüseynli deyib.
O bildirib ki, hər hansı dəyişiklik baş verməsə, təyyarə 20:25-də Bakıya çatacaq.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.