...

“ASAN xidmət” təcrübəsi Ruandada tətbiq ediləcək (FOTO)

Gündəm Materials 30 İyun 2025 10:46 (UTC +04:00)
“ASAN xidmət” təcrübəsi Ruandada tətbiq ediləcək (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ruanda Respublikası Hökumətinin dəvəti ilə bu ölkəyə səfər edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Ruandanın İnkişaf Şurası, Ruandanın dövlət xidməti naziri, eləcə də digər aidiyyati qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib.

Bildirilib ki, Dövlət Agentliyinin sədri tərəfindən ASAN Xidmət, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə əlaqədar geniş təqdimat edilib.

Görüşdən sonra Dövlət Agentliyi ilə Ruandanın İnkişaf Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqidir. Anlaşma Memorandumunun implementasiyası çərçivəsində “ASAN xidmət” təcrübəsi əsasında Ruandada dövlət xidməti mərkəzinin yaradılması planlaşdırılır.

Səfər zamanı Dövlət Agentliyinin sədri Kiqali Soyqırımı Memorialını ziyarət edib, kütləvi qətliamın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq əklil qoyub və xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə baş tutmuş 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ruanda Respublikasının Prezidenti Pol Kaqame arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqində maraqlı olduğunu bildirib və bu çərçivədə Ruanda nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti