Bakı. Trend:
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənova müsahibə verib.
Trend müsahibəni təqdim edir:
- Saniyə xanım, ilk öncə bilmək istərdik ki, köp nədir və necə əmələ gəlir?
- Köp (meteorizm) insanın mədə bağırsaq sistemində artıq miqdarda qazların toplanması nəticəsində yaranan haldır. Səbəblər əksər vaxt karbohidratların düzgün getməyən parçalanması, daha az hallarda isə yağların, zülalların parçalanması və yoğun bağırsağın bakteriyalarının fəailiyyətinin nəticəsi olur.
- Hansı qazlar köpün əmələ gəlməsində iştirak edir?
- Tərkibi yaranma mexanizmindən asılı olaraq nitrogen, oksigen, karbon dioksid, hidrogen, metan və digər ola bilər.
- Normada insanın mədə-bağırsaq sistemində qaz varmı? Varsa, onun norması nədir?
- Normada insanın bağırsağında 200 ml-dək qaz var və gündəlik 14-25 dəfə ümumi 600-700 ml həcmində qazın xaric olması norma variantı kimi sayılır. Daha böyük qaz kütlələri yeməkdən sonra hərəkət etməyə başlayır, amma asta sürətlə yuxu zamanı belə davam edir.
- İnsanlarda meteorizm nə kimi şikayətlərlə özünü büruzə verir?
- Gəyirmə, köp, şişkinlik, qazın çox xaric olması və bəzi
hallarda qarın nahiyəsində ağrı, ağızdan pis qoxu gəlmə,
iştahsızlıq, erkən doyma, ürəkbulanma, qurultu şəklində səslərin
olması və qəbizlik.
Xəstələrdə simptomlar qazın çox əmələ gəlməsi, bağırsağın hərəki
funksiyasının dəyişməsi nəticəsində qazın tranzitinin pozulması
kimi yollarla əmələ gəlir.
İlk növbədə sorula bilməyən karbohidratlar yoğun bağırsağa çatdıqda
bakteriyalar üçün qida rolunu oynayır. Bu proses isə çoxlu miqdarda
qaz istehsalı ilə nəticələnir.
Nazik bağırsağın normal selikli qişasında ferment çatışmazlığı və
selikli qişanın orqanik dəyişikliyi karbohidratların sorulmamasına
gətirib çıxarır.
- Ferment çatışmazlıqları nədir?
- Ən çox rast gəlinən ferment çatışmazlığı laktaza çatışmazlığıdır. O, süd məhsulları çox miqdarda qəbul etdikdə ishalla birgə rast gəlsə də, yüngül dərəcədə, əksər hallarda təkcə köplə müşayiət olunur. Digər ferment çatışmazlıqlardan sadə şəkərlərin sorulmasında iştirak edən bir çox fermentləri göstərmək olar. Belə ki, meyvə suları, meyvələr, pəhriz qidalarında dadlandırıcı kimi istifadə olunan sorbitol, şokolad (sukraza-izomaltaza defisiti) həzmində çətinlik törətdiyi üçün köpə gətirib çıxara bilir. Mürəkkəb karbohidratlar və bitki lifləri də qaz ifrazını artıra bilər. Bu siyahıda paxlalı, dənli bitkilər (buğda, yulaf və s), kartof, qarğıdalı, düyü, bir çox tərəvəzləri göstərmək olar.
- SİBO deyilən, yəni nazik bağırsaqda normal bakteriyaların artımıyla müşayiət olunan sindrom nədir?
- Nazik bağırsaq və mədə yoğun bağırsağa nisbətdə steril hesab
olunur. Hər hansı obstruktiv xəstəliklər zamanı (Kron xəstəliyi,
radiasiya enteriti, törəmələr və digər hallar) və ya durğunluğa
səbəb ola biləcək vəziyyətlərdə (məsələn, divertikula zamanı və ya
vaqotomiya olunmuş xəstələrdə hipoxlorhidriya zamanı) normada
mövcud olan bakteriyaların sayı artır. Əlavə olaraq, bu
vəziyyətlərə nümunə olaraq koprofagiya, koloenterik fistula zamanı
da yoğun bağırsaq bakteriyalarının nazik bağırsağın mühitini
pozmasını göstərmək olar. Bəzi mənbələrə görə, bu vəziyyət
uzunmüddətli turşuluq azaldan preparatların qəbulu zamanı da baş
verir.
Eyni zamanda, bu sindroma daha yüngül hesab etdiyimiz bağırsağın
hərəki funksiyasının pozulması ilə müşayiət olunan funksional
xəstəliklər də gətirib çıxara bilər. Bu zaman bağırsağın həzm
olunmayan artıq qidalardan təmizlənməsi prosesi ləngidiyinə görə
nəticə olaraq yenə də bakteriyaların sayı artır və özünü
diskomfort, köp, ürəkbulanma, ağır hallarda ishal, malabsorbsiya və
çəki azalması ilə göstərə bilər.
- Həzm sistemində qazın hərəkətinin ləngiməsinə görə köp hissinin əmələ gəlməsi hansı xəstəliklərdə özünü büruzə verir?
- Hərəki funksiyasının pozulması ilə gedən hər hansı bir
xəstəlik (qastroparez, fundoplikasiyadan sonrakı və bir çox
postoperativ vəziyyət, nazik bağırsağın psevdoobstruksiyası,
xroniki qəbizlik) köpə gətirib çıxara bilər. Qastroparez və
psevdoobstruksiya bir çox xəstəliklərdə (şəkərli diabet,
sklerodermiya, amiloidoz, genetik xəstəliklər, paraneoplastik
sindrom və digər endokrinoloji xəstəliklər) müşahidə oluna bilər.
Kəskin ileus isə metabolik pozuntular, kardiovaskulyar və sistem
xəstəliklər zamanı rast gəlinir.
Köp haqqında danışarkən, qıcıqlanmış bağırsaq sindromunu da
unutmamalıyıq. Burada mexanizmlər hələ də öyrənilir və nəzəriyyələr
müxtəlifdir. Bağırsaqdakı qazların həm tranziti, həm də
hərəkətliliyi dəyişir və xəstədə bəzən normal miqdarda qazla belə
artan həssaslıq, ağrı və köp hissi yaranır.
Digər səbəblər aerofagiya, endokrinopatiyalar, miokardın aşağı
divarının infarktı və bir çox preparatlar bağırsağın hərəki
funksiyasına təsir edərək, köp şikayəti yarada bilər.
- Aerofagiya nədir?
- Aerofagiya normadan artıq havanı udmaqla başlayır. Onun yaranmasına saqqız çeynəmək, tütünçəkmə kimi vərdişlər belə səbəb ola bilər. Psixoloji xüsusi durumlar - depressiya, hiperventilyasiya sindromu, yuxu apneası olan adamların yuxu zamanı ağızla havanı çox udması da aeofagiyanın yaranmasına təkan verir. Eyni zamanda, larinqoektomiyadan sonra və digər xroniki ciddi səbəblərdən də qaynaqlana bilər. Özünü köp hissindən əlavə gəyirmə ilə göstərir - döş qəfəsində olan mənfi təzyiq udulan havanı yenidən qida borusuna doğru itələyir, oradan da ağız vasitəsilə hava xaric olur.
- Bu şikayətlərlə olan xəstələrin müalicəsi necə aparılır?
- İlk növbədə hərtərəfli anamnez toplanılır. Bu mərhələdə hər
bir amil önəmlidir: nə vaxt başladığı, xəstənin başqa hansı
şikayətləri var, onun psixoloji durumu, yuxu və ayıqlıq zamanı
simptomların olub-olmaması, hansı dərmanları qəbul etməsi və s.
Əsas məsələ orqanik ciddi səbəbləri istisna etməkdir. Xəstənin
dəri, oynaqlar və çəkisinə diqqət yetirilir. Eyni zamanda,
laborator müayinələr (ümumi qan, sidik, nəcis analizləri,
elektrolit, şəkər, albumin, ümumi zülal, koaluqramma, böyrək,
qaraciyər sınaqlarına, bəzən də kortizola, seroloji markerlər)
aparılır.
Ehtiyac olduqda, diaqnostika üçün rentgen, qastroskopiya,
kolonoskopiya, mədə-bağırsaq manometriası və ssintiqrafiya, nəfəs
testləri tətbiq oluna bilər.
- Diaqnoz qoyulduqdan sonra müalicə taktikası necə olur?
- Orqanik bir səbəb varsa, mütləq spesifik müalicə aparılır.
Bəzən cərrahi müdaxilə belə ola bilər. Digər vəziyyətlərdə fərdi
yanaşma tətbiq edilir, yəni sağlam həyat tərzi, düzgün qidalanma və
medikamentoz terapiya aparılır.
Reabilitasiya üçün isə sanator-kurort müalicəsi da yaxşı effekt
verir.