...

AzMİU müəlliminin tədqiqatı ölkədəki tikinti müəssisələrinin innovativ fəaliyyətini aktivləşdirə bilər

Gündəm Materials 30 İyun 2025 11:33 (UTC +04:00)
AzMİU müəlliminin tədqiqatı ölkədəki tikinti müəssisələrinin innovativ fəaliyyətini aktivləşdirə bilər

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Bununla əlaqədar olaraq ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru diplomu təqdim edilib.

Orxan Naqdiyevin “Azərbaycan Respublikasında tikinti müəssisələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsində investisiya-innovasiya fəaliyyətinin idarə edilməsi və təkmilləşdirilməsi istiqamətləri” mövzusunda hazırladığı elmi araşdırma ölkə iqtisadiyyatının strateji sahələrindən olan tikinti sektorunda innovativ idarəetmənin yeni metodlarını elmi əsaslarla ortaya qoyur. Tədqiqatda tikinti məhsullarının rəqabət üstünlüklərinin artırılması məqsədilə reproduktiv-təkamül yanaşması əsasında strateji model hazırlanıb. Bu model tikinti müəssisələrinin texnoloji inkişafı, innovativ fəaliyyətin aktivləşdirilməsi, beynəlxalq keyfiyyət standartlarına uyğunluq və sosial məsuliyyət prinsiplərinin tətbiqi kimi vacib istiqamətləri əhatə edir.

Dissertasiya işinin nəticələri həm də praktiki baxımdan əhəmiyyətlidir. Tədqiqat nəticəsində əldə olunan təklif və tövsiyələr tikinti müəssisələrində innovasiya-investisiya fəaliyyətinin daha səmərəli idarə olunması və bu sahədə milli inkişaf strategiyasının təkmilləşdirilməsinə töhfə vermək imkanına malikdir. Araşdırmanın nəticələri, həmçinin sahə üzrə metodoloji sənədlərin və normativ bazanın hazırlanmasına dəyərli töhfələr verə bilər.

Alimlik dərəcəsini qazandıqdan sonra Orxan Naqdiyev gələcək fəaliyyətində elmi-pedaqoji sahədə işlərini daha da genişləndirməyi, mövzu ilə bağlı nüfuzlu beynəlxalq elmi bazalarda məqalələrinin sayını artırmağı qarşısına məqsəd qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti