...

Zatulinin ritorikasının Rusiya Dövlət Dumasının mövqeyi kimi təqdim edilməsi məqsədyönlüdür - Azərbaycanlı deputat – Elçin Mirzəbəyli

Siyasət Materials 30 İyun 2025 12:26 (UTC +04:00)
Zatulinin ritorikasının Rusiya Dövlət Dumasının mövqeyi kimi təqdim edilməsi məqsədyönlüdür - Azərbaycanlı deputat – Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin növbəti dəfə Azərbaycan dövlətinə qarşı köhnə şablonlar üzərindən ittihamlar səsləndirib. Onun bəyanatları əslində postsovet məkanında hələ də müstəqil siyasət yürüdən ölkələrə qarşı yuxarıdan aşağı baxışın təzahürüdür və ciddi əsaslardan məhrumdur.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elçin Mirzəbəyli deyib.

Millət vəkilinin sözlərinə görə, K.Zatulin iddia edir ki, guya Azərbaycan uzun illərdir, öz məqsədlərinə çatmaq üçün münasibətləri saxta dostluq pərdəsi altında saxlayıb. Halbuki faktlar tam əksini göstərir:

“Azərbaycan həmişə açıq şəkildə öz mövqeyini ifadə edib, istər Qarabağ münaqişəsi dövründə, istərsə də ondan sonrakı mərhələdə heç vaxt “görünməz məqsədlər” arxasında gizlənməyib. 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüquqa uyğun addım olub və bu, Rusiya da daxil olmaqla bir çox dövlətin rəsmən tanıdığı reallıqdır.

Azərbaycan-Rusiya münasibətləri heç vaxt formal dostluq imitasiyasına əsaslanmayıb: iqtisadi, enerji, humanitar və təhlükəsizlik sahələrində yüzlərlə konkret layihə həyata keçirilib. Bu faktlar Zatulinin “saxta münasibətlər” tezisini boşa çıxarır”.

E.Mirzəbəyli bildirib ki, deputatın iddiasına görə, Rusiyada azərbaycanlılara qarşı baş verən kütləvi həbslər sadəcə bəhanədir və Bakı bunları məqsədli şəkildə şişirdir. Əslində dövlətin öz vətəndaşlarını qoruması Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn borcudur:

“Söhbət təkcə cinayətkar qruplara qarşı mübarizədən yox, hüquq-mühafizə orqanlarının azərbaycanlı icmasına qarşı sistemli şəkildə təzyiqlərindən gedir. Azərbaycan tərəfi konkret faktlara əsaslanan etirazını çatdırıb və Rusiyanın rəsmi qurumlarından izahat tələb edib. Əgər bir ölkədə sizin on minlərlə vətəndaşınız yaşayırsa, onların hüquqlarını müdafiə etmək nə “bəhanə”, nə də “şişirtmə”dir. Zatulin Azərbaycanın müstəqil siyasətini “özünəməxsusluq nümayişi” kimi təqdim edir. Əslində, Azərbaycanın suveren qərarlar qəbul etməsi heç bir dövlətdən icazə almaq məcburiyyətində deyil.

Azərbaycanın Ukrayna ilə əlaqələri də, İsraillə əməkdaşlığı da rəsmi Bakı üçün açıq və şəffaf xarakter daşıyır. Azərbaycan nə NATO, nə də KTMT üzvüdür. Bu səbəbdən müxtəlif regional güclərlə əməkdaşlıq hüququna malikdir. Azərbaycanın enerji diplomatiyası və balanslaşdırılmış xarici siyasəti illərdir, Avropa İttifaqı, Rusiya, Türkiyə, ABŞ və İranla paralel münasibətlər mexanizminə əsaslanır”.

Deputat əlavə edib ki, Zatulin Azərbaycanın Rusiyanın mədəni layihələrini dayandırmasının “hər şeyə bəhanə axtarmaq” olduğunu iddia edir. Əslində isə mədəni əlaqələr qarşılıqlı hörmət prinsiplərinə söykənməlidir:

“Rusiyada Azərbaycan vətəndaşlarına qarşı qeyri-insani rəftar faktları baş verdikdən sonra ictimai qəzəb doğurub. Bu vəziyyətdə Azərbaycan Mədəniyyət Nazirliyinin qərarı həm dövlətin, həm də cəmiyyətin mövqeyinə əsaslanır və hüquqi baxımdan legitimdir. Zatulinin ritorikası keçmiş imperiya kompleksi və postsovet dövlətlərinin müstəqil aktor olmasını həzm edə bilməmək sindromunu xatırladır.

Azərbaycan 1991-ci ildən bəri taleyini özü müəyyən edən, BMT tərəfindən tanınan sərhədlərə malik dövlətdir. Azərbaycanın Qarabağla bağlı haqq işi də, multivektor siyasəti də beynəlxalq hüquqa söykənir. Azərbaycan heç bir beynəlxalq öhdəliklərini pozmayıb, əksinə, konstruktiv tərəfdaşlıq formatlarına sadiq qalıb”.

E.Mirzəbəyli bildirib ki, K.Zatulinin ritorikasının Rusiya Dövlət Dumasının mövqeyi kimi təqdim olunması məqsədyönlü xarakter daşıyır:

"Çünki Zatulinin erməni diasporunun uzun illərdir əlaltısı olduğunu artıq hər kəs bilir. Onun azərbaycanlılara qarşı münasibəti də hər kəsə bəllidir. Bunun qıcıqlandırıcı xarakterini əsas götürərək K. Zatulinin mövqeyini Rusiya Dövlət Dumasının mövqeyi kimi qələmə verməyə cəhd göstərirlər".

Deputat qeyd edib ki, K.Zatulinin bəyanatları Azərbaycanın suveren, balanslı və açıq siyasətinə qarşı əsassız ittihamlardan başqa bir şey deyil.

“Azərbaycan dövləti öz vətəndaşlarını müdafiə etməkdə, beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqda qətiyyətlidir və heç bir deputatın subyektiv mülahizələri bu xətti dəyişə bilməz. Azərbaycanın suverenliyi və müstəqil siyasəti heç kimin razılığı ilə deyil, xalqın iradəsi ilə formalaşır və davam edəcək”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti