Bakı. Trend:
"Mançester Yunayted" 2024/2025 mövsümünün sonunda futbolçu karyerasını başa vuran Conni Evansa klub daxilində vəzifə verib.
Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
37 yaşlı sabiq müdafiəçi komandanın icarə və inkişaf şöbəsinə rəhbərlik edəcək. O, klubun direktoru Ceyson Uilkoksun rəhbərliyi altında fəaliyyət göstərəcək.
Qeyd edək ki, Conni Evans "Mançester Yunayted"in heyətində 241 oyuna çıxıb. O, üç dəfə Premyer Liqanın qalibi olub, həmçinin UEFA Çempionlar Liqası və klublararası dünya çempionatında da titul qazanıb.