...

bp Bakı və ətraf ərazilərdə ingilis dilini yeni öyrənən gənclərə dəstək məqsədilə təhsil təşəbbüsünü uğurla tamamlayıb (FOTO)

Cəmiyyət Materials 1 İyul 2025 11:29 (UTC +04:00)
bp Bakı və ətraf ərazilərdə ingilis dilini yeni öyrənən gənclərə dəstək məqsədilə təhsil təşəbbüsünü uğurla tamamlayıb (FOTO)

Bakı. Trend:

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından, məmnuniyyətlə elan edir ki, Bakıda və ətraf ərazilərdə ingilis dilini öyrənən istedadlı gəncləri dəstəkləməyə yönəlmiş yeni bir təhsil layihəsi uğurla başa çatmışdır.

Bu layihə xüsusi olaraq yüksək keyfiyyətli və intensiv ingilis dili tədrisindən istifadə imkanı olmayan ailələrin uşaqları ilə yanaşı, bu sahədə yüksək akademik göstəricilərə malik şagirdlər üçün nəzərdə tutulmuşdu.

Layihə bp və tərəfdaşlarının Azərbaycanda təhsilin və gənclərin inkişafına davamlı dəstək vermək öhdəliyinin bir hissəsidir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Misli görünməmiş qlobal dəyişikliklər və sürətli rəqəmsallaşma dövründə ingilis dili rəqəmsal dünyada düzgün istiqamət almaq, dəyişən şəraitə və proseslərə uyğunlaşmaq üçün vacib vasitəyə çevrilib. İngilis dili öyrənən istedadlı Azərbaycan gənclərinin daha əminliklə bu transformasiya ilə ayaqlaşmasına və məktəb proqramlarının qoyduğu bünövrənin üzərinə yeni bilik bazası əlavə edə bilməsinə dəstək verməkdən məmnunluq duyuruq. Ümid edirik ki, öyrəndikləri biliklər onların gələcək elmi və ixtisas uğurları üçün möhkəm zəmin yaradacaq, eləcə də onların qlobal imkanlardan daha dolğun faydalanmaq və öz cəmiyyətlərinə dəyərli töhfələr vermək bacarıqlarını gücləndirəcək.”

Proqram vasitəsilə 2024/2025-ci tədris ili ərzində 6–17 yaş arası 60 şagirdə əyani ingilis dili dərsləri təqdim edilib. Dərslər iki yaş qrupu proqramları əsasında aparılıb: 6–10 yaşlı uşaqlar üçün Primary Plus və 11–17 yaşlılar üçün Secondary Plus.

Müvafiq kurs səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 8–17 yaşlı şagirdlər üçün onlayn qiymətləndirmə əsasında seçim və yerləşdirmə aparılıb. 6–7 yaşlı uşaqlar isə yaşlarına əsasən yerləşdirilib. Proqram çərçivəsində hər dərs 90 dəqiqə olmaqla ümumilikdə 32 həftə ərzində 96 saatlıq tədris həyata keçirilib.

Layihə dövründə bütün iştirakçılara 2025-ci ilin fevral və iyun aylarında öz irəliləyişləri ilə bağlı hesabatlar təqdim olunub. Kursu uğurla bitirən bütün iştirakçılara sertifikatlar verilib.

Layihənin icraçısı “British Council” təşkilatıdır.

Layihənin ümumi dəyəri, şagirdlərin seçilməsi və yerləşdirilməsi testləri, qeydiyyat, dərs materialları və 96 saatlıq ingilis dili kursunun tam keçirilməsi xərcləri daxil olmaqla, 99 153 AZN (təxminən 58 325 ABŞ dolları) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti