Bakı. Trend:
Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, Milli Məclisin sabiq deputatı, general-mayor Vladimir Timoşenko bildirib.
“27 iyun tarixində Rusiya xüsusi xidmət orqanlarının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təxribatına görə qəti narazılığımızı bildiririk. “Qəhrəman” hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saat 6-da eyni anda həmvətənlərimizin yaşadığı 10 mənzilin qapılarını sındıraraq, qadın və uşaqların gözü qarşısında heç bir günahı olmayan insanları bir saatdan çox xüsusi amansızlıqla döyüblər. Bu təxribat nəticəsində 2 nəfər həlak olub, 10-dan çox şəxs xəsarət alaraq həbs olunub. Onların bəzilərinin taleyi hələ də məlum deyil”, – deyə o bildirib.
V.Timoşenko qeyd edib ki, Rusiya rəsmilərinin bu vəhşiliyə dair verdiyi izahatlar ən azından təəccüb doğurur.
“Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy növbəti dəfə nasist mahiyyətini ortaya qoyaraq bu hadisələrin sırf Rusiyanın daxili işi olduğunu bildirib”, – deyə o əlavə edib.
Timoşenkonun sözlərinə görə, baş verən hadisə Azərbaycanda haqlı etiraz doğurub və bu, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ənənəvi münasibətlərə mənfi təsir göstərəcək.
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, bu məsələ ilə bağlı dərhal açıq istintaq aparılmalı, hüquqi normaları pozmuş və zorakılıq törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda, Rusiya cəmiyyətinin diqqətini son zamanlar bəzi rəsmi strukturların diaspor təşkilatlarına və etnik azlıqlara qarşı nümayiş etdirdiyi təhqiramiz münasibətə yönəltməyi zəruri hesab edirik. Bu münasibət Rusiyanın kütləvi informasiya vasitələrində də əksini tapır. Belə ki, cari il ərzində Qırğızıstan, Özbəkistan və Tacikistan vətəndaşlarına qarşı da zorakı hücumlar baş verib”, – deyə o qeyd edib.
V.Timoşenko bu kimi - əslində anti-Rusiya xarakteri daşıyan hərəkətlərin ikiqat məqsəd daşıdığını vurğulayıb:
“Birincisi, mühacirləri ləkələmək və birbaşa qorxutmaqla Rusiyanı onlardan “təmizləmək”, bu isə rəsmi dövlət miqrasiya siyasətinə ziddir. İkincisi, MDB ölkələri ilə münasibətləri pozmaq. Sonuncu məqsəd inandırıcı görünməsə də, Rusiya daxilindəki müəyyən siyasi dairələr tərəfindən Orta Asiya və Cənubi Qafqaz ölkələrindən uzaqlaşma siyasəti gizli şəkildə, lakin məqsədyönlü şəkildə aparılır. Əks halda xüsusi xidmət orqanlarının bu qəddar və mənasız hərəkətlərini izah etmək çətindir. Aydındır ki, belə bir siyasət Rusiyanın həqiqi maraqlarına cavab vermir və ancaq onun düşmənləri tərəfindən bəraət qazandırıla bilər”, – deyə o əlavə edib.
Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.