...

Rusiyanın Azərbaycana qarşı davranışlarında məntiqi izah tapmaq çətindir - ŞƏRH

Siyasət Materials 1 İyul 2025 16:40 (UTC +04:00)
Rusiyanın Azərbaycana qarşı davranışlarında məntiqi izah tapmaq çətindir - ŞƏRH
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən son əməliyyatlar haqlı narazılıq və narahatlıq doğurur. Çoxlu sayda insanın ağır bədən xəsarətləri alması, 2 nəfərin isə həyatını itirməsi ilə nəticələnən bir əməliyyatın rəsmi statuslu qurum- Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi təəccüb doğurur.

Bu sözləri Trend-ə açıqlamasında Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

O bildirib ki, bu insident hüquq-mühafizə orqanının əməliyyatından daha çox, hansısa terror qrupunun törətdiyi qətliama bənzəyir:

"Həyatını itirən şəxslərin Azərbaycana gətirilən nəşləri üzərində ciddi zorakılıq əlamətləri müşahidə olunub. Onları qəddarcasına döyərək qətlə yetiriblər. Təbii sual yaranır ki, FTX əməkdaşları bu zorakılığı nə üçün ediblər?

Məsələ ilə bağlı Rusiya tərəfinin izahedici açıqlamalar verəcəyi, həmçinin, zorakılığı törədənləri cəzalandıracağı gözlənilsə də, bu, baş verməyib. Əksinə, rəsmi dövlət qurumlarında yüksək vəzifə tutan bir sıra şəxslər, o cümlədən, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin qalmaqallı çıxışlar edərək, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi vəziyyəti daha da gərginləşdirib.

Azərbaycan tərəfində narazılıq və narahatlığı artıran digər məqamlar da mövcuddur. Problem ondadır ki, Yekaterinburq şəhərində baş verən hadisə Rusiya Federasiyası ərazisində son bir il ərzində Azərbaycana qarşı yönəlmiş yeganə təxribat əməli deyil. 2024-cü ilin dekabr ayında Azərbaycan mülki təyyarəsinin virulması insidentinə də hələlik qaneedici formada münasibət sərgilənməyib. Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdə susqun tərzdə davranması, hərəkətsizliyi narazılığı artıran faktorlar sırasındadır. Həmçinin, Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimiz Azər Badamovun Rusya ərazisinə buraxılmaması, yaxud bu ilin fevral ayında eyni nöqtədən Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumların təşkil olunması istər-istəməz belə rəy yaradır ki, Rusiya ərazisində hansısa mərkəzlər Azırbaycana qarşı düşünülmüş formada təxribat planları hazırlayırlar, həmin planları sistemli şəkildə həyata keçirirlər. Rusiyanın ali rəhbərliyinin bu cür silsilə təxribatlara seyrçi yanaşması deməyə əsas yaradır ki, baş verənlər ayrı-ayrı mərkəzlərin deyil, ümumilikdə Rusiyanın dövlət siyasətinin elementidir".

Müşfiq Ələsgərli vurğulayıb ki, belə yanaşma Azərbaycanı məcbur edir ki, baş verən təxribatlarla bağlı beynəlxalq prosedurlara əl atsın.

"Məsələn, təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirsin, günahkarların cəzalandırılması üçün beynəlxalq platformalarda iş qaldırsın. Yaxud, Solovyov kimi təxribatçıların Rusiyanın rəsmi media subyektlərində anti-Azərbaycan çıxışlarına cavab olaraq, Azərbaycan mediasında da anti-Rusiya təbliğatı başlanılsın. Görünür, təxribatları həyata keçirən mərkəzlər də Azərbaycanı məhz buna sövq etmək istəyirlər. İki ölkə arasında münasibətlərin yaxın qonşuluq kontekstindən çıxarılıb qarşıdurma müstəvisinə keçirilməsinə nail olmağa çalışırlar. Bunu nə üçün edirlər? Dost, qonşu bir ölkəni nə üçün özlərinin rəqibinə çevirirlər? Məntiqi izah tapmaq çətindir.

Ümid edirik ki, Rusiya Federasiyasının ali rəhbərliyi törədilən təxribatların fərqinə varacaq, təxribatı törədənlərin cəzalandırılmasını təmin edəcək",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti