Ağdam. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən Gənclər Forumu yüksək səviyyədə təşkil olunub.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri üzrə Komitəsinin idarə heyətinin rəhbəri Almagül Kutanova İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi” mövzusunda Gənclər Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
“İƏT Gənclər Forumu kimi belə bir əhəmiyyətli tədbirdə Qazaxstanı təmsil etməyimə şadam. Forumun yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara səmimi minnətdarlığımı bildirmək istəyirəm”, -deyə o bildirib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, forumda ondan çox ölkənin nümayəndələri iştirak edir. Qazaxıstan bu təşəbbüsdə fəal iştirakçı kimi çıxış edir.
O qeyd edib ki, hazırda İƏT çərçivəsində gənclər siyasətinin inkişafı üçün vahid mexanizmin qurulmasına imkan verəcək strateji plan hazırlanır.
Nazirlik nümayəndəsi forumun məhz Ağdam şəhərində keçirilməsinin rəmzi məna daşıdığını da xüsusi vurğulayıb:
“Bu gün gördüklərimiz bizi valeh edir. Bu qədər qısa müddətdə Ağdam böyük transformasiyadan keçib”, – deyə o əlavə edib.