...

Sudanda əl-Faşir şəhərində toqquşmalar BMT-nin atəşkəs səylərini çətinləşdirib

Dünya xəbərləri Materials 1 İyul 2025 06:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sudanda döyüşən tərəflər arasında gərginliyin yenidən alovlanması, xüsusilə də Şimal Darfur vilayətinin mərkəzi olan əl-Faşir şəhərində baş verən son hadisələr, BMT-nin humanitar yardımın çatdırılması üçün atəşkəs əldə etməyə yönəlmiş səylərinə ciddi zərbə vurub.

Trend-in “əş-Şarq əl-Avsət” nəşrinə istinadla verdiyi məlumata görə, Sudan Silahlı Qüvvələrinin Baş komandanı və Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan iyunun 28-də BMT Baş katibi Antonio Quterreşin əl-Faşirdə bir həftəlik atəşkəs təşəbbüsünü birtərəfli şəkildə qəbul edib. Lakin mərkəzi hakimiyyətə qarşı vuruşan Çevik Dəstək Qüvvələri (RSF) BMT-dən bu mövzuda heç bir rəsmi müraciət almadıqlarını bəyan ediblər.

İyunun 30-da səhər saatlarından etibarən şəhərdə Sudan ordusu ilə RSF arasında yüngül və orta silahlardan istifadə olunan toqquşmalar baş verib. Şiddətli döyüşlərin şəhərin cənub məhəllələrində baş verdiyi, müxtəlif istiqamətlərdə isə ağır artilleriya atəşlərinin müşahidə olunduğu qeyd olunur.

Hərbi mənbələrin məlumatına görə, ordunun 6-cı Piyada Briqadası RSF-nin şəhərin cənub istiqamətindən daxilolma cəhdlərinə ağır artilleriya ilə cavab verərək bir neçə döyüş texnikasını məhv edib.

Xatırladaq ki, 2023-cü il aprelin 15-dən etibarən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında ölkəyə nəzarət uğrunda silahlı münaqişə davam edir. Nəticədə minlərlə insan həlak olub, dünyanın ən ağır humanitar böhranlarından biri yaranıb.

BMT və yerli hakimiyyət orqanlarının məlumatına əsasən, indiyədək 20 mindən çox insan həlak olub, 15 milyondan artıq insan evlərini tərk etməyə məcbur qalıb. Bununla belə, ABŞ-da aparılan elmi tədqiqatlara görə, ölənlərin faktiki sayı 130 min nəfərə yaxın ola bilər.

Xəbər lenti

Xəbər lenti