Bakı. Trend:
Azad olunmuş ərazilərin bərpası ilə əlaqədar kifayət qədər yüksək maliyyə yükünə baxmayaraq, ölkəmiz beynəlxalq inkişafa yardım sahəsində aktiv rol oynamaqda davam edir. Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon ABŞ dollarından artıq yardım göstərib.
Trend xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında çıxışında deyib.
S.Şərifov davamlı inkişafın maliyyələşdirilməsinə həsr olunmuş tədbirin vacibliyini vurğulayaraq, Azərbaycan Hökumətinin 3-cü Konfransdan ötən dövr ərzində “2030-Davamlı İnkişaf Gündəliyi”nin irəliləməsi üzrə Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasında, regionda isə birincidir. Ölkəmiz Milli Maliyyələşdirmə Çərçivəsi və DİM İnvestor Xəritəsi kimi təşəbbüslərin tətbiqi nəticəsində icmal büdcə xərclərinin 80 faizindən çoxunun DİM-ə uyğunlaşdırımasına nail olub.
S.Şərifov vurğulayıb ki, konfrans beynəlxalq ictimaiyyət üçün həlledici və inkişaf məqsədləri üçün maliyyə resuslarında qıtlığın yaşandığı bir zamanda keçirilir. Geosiyasi gərginliklər və hərbi münagişələr inkişaf üçün maliyyələşmənin resurs bazasının daraltdır, münaqişənin nəticələrini ardan qaldırmağa yönəlmiş bərpa və yenidənqurma işləri isə dövlət büdcələri üçün əlavə təzyiq yaradır.
Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan, 2020-ci ilin noyabrında isğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyuk Qayıdış Dövlət Proqramını həyata keçirir.
Bugünədək Proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsaiti sərf olunub.
S.Şərifov daha sonra bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub.
Zərərin 15%-dən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub.
Baş nazirin müavini konfrans iştirakçıların diqqətinə çatdırıb ki, azad olunmuş ərazilərin bərpası ilə əlaqədar Azərbaycan Hökumətinin üzərinə kifayət qədər yüksək maliyyə yükünün düşməsinə baxmayaraq, ölkəmiz beynəlxalq inkişafa yardım sahəsində aktiv rol oynamaqda davam edir.
Belə ki, Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon ABŞ dollarından artıq yardım göstərib.
S.Şərifov iqlim maliyyəsinin davamlı inkişafın mühüm elementinə çevrildiyini vurğulayıb.
Qeyd edib ki, Azərbaycan dayanıqlı inkişafın bu elementi üzrə də qlobal töhfəsini verməkdədir. Beləki, Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçirilmiş qlobal iqlim konfransında (COP29) “2030 Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nə nail olmaq üçün Bakı Maliyyə Hədəfi kimi tanınan yeni maliyyə hədəfinin qəbul edilməsi, bununla inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikyi ilə bağlı mitiqasiya və adaptasiya ehtiyaclarının qarşılanması üçün inkişafda olan ölkələr tərəfindən ayırılması nəzərdə tutlan maliyyə yardımının 3 dəfəyədək artırılması qlobal əhəmiyyətə malikdir.
Sonda S.Şərifov Azərbaycan Respublikasının inkişaf naminə çöxtərəfli əməkdaşlıqda bundan sonra da fəal iştirak edəcəyini və DİM-ə nail olmaq üçün öz töhfəsini verəcəyini bildirib.
Konfrans çərçivəsində qarşı tərəfin müraciəti əsasında nümayəndə heyəti BMT-nin Kapital İnkişaf Fondunun (UNCDF) İcraçı Katibi Pradeep Kurukulasuriya ilə görüş keçirib. Görüşdə ölkəmizin donor dövlətinə çevrilməsi, sosial iqtisadi problemlərin həlli, münaqişə sonrası bərpa işləri sahəsindəki təcrübəmiz nəzərə alınaraq mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Sevilya konfransı 164 dövlətin və 49 beynəlxalq təşkilatın nümayəndələrini bir araya gətirərək Monterrey (2002), Doha (2008) və Əddis-Əbəbədən (2015) sonra BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə dördüncü böyük tədbiridir. Konfransın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsi üzrə konkret öhdəlikləri hazırlamaq və yenilənmiş maliyyələşdirmə çərçivəsini formalaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, BMT-nin İspaniyanın Sevilya şəhərində keçirilən,İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının ikinci günü – iyulun 1-də, İnkişafın Maliyyələşdirilməsinə dair “Sevilya öhdəliyi” sənədi qəbul edilib.