Bakı. Trend:
Türkiyə 1 iyul tarixindən etibarən Bosfor və Dardanel boğazlarından keçid haqqını 15% artıraraq bir frank üçün 5,83 dollara yüksəldib.
Trend xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Gəmi keçidinin dəyəri, Montrö boğazlar konvensiyasına əsasən, qızıl frank əsasında hesablanır.
Tranzit haqqı 2022-ci ilə qədər təxminən 40 il ərzində dəyişməz qalmışdı. Həmin vaxtdan bəri qiymətlər hər il artırılır, 2024-cü ildə də keçid haqqı təxminən 15% artırılmışdı.
Möntrö konvensiyası boğazlar üzərində Türkiyənin suverenliyini təsbit edərək, Bosfor və Dardanel boğazlarından keçidə nəzarət səlahiyyətlərini bu ölkəyə verir.
Sənədə əsasən, bütün ölkələrin ticarət gəmiləri həm sülh, həm də müharibə dövründə boğazlardan sərbəst keçid hüququna malikdir. Lakin konvensiya hərbi gəmilər üçün Qara dəniz dövlətləri ilə Qara dənizə çıxışı olmayan dövlətlər arasında fərqli keçid rejimi müəyyən edir.
Əgər Türkiyə hakimiyyəti əvvəlcədən məlumatlandırılarsa, Qara dəniz dövlətləri sülh dövründə hər sinifdən olan hərbi gəmilərini boğazlardan keçirə bilərlər.
Qara dənizdə sahili olmayan dövlətlərin hərbi gəmiləri üçün isə ciddi məhdudiyyətlər tətbiq olunur, yalnız kiçik gəmilərin keçidinə icazə verilir və tonnajla bağlı limitlər mövcuddur.