Bakı. Trend:
2029-2030-cu illərdə "Qarabağ" neft yatağından ilk neftin hasilatını gözləmək olar.
Bunu Trend-ə açıqlamasında “bp-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
Onun sözlərinə görə, artıq kəşf olunmuş "Qarabağ" neft yatağındakı işləri sürətləndirmək mümkündür:
"Yəni, artıq quyuların qazılma vaxtı, yeri seçilməlidir, qiymətləndirmə işləri aparılmalıdır. Bundan sonra Qarabağ neft yatağından ilk neftin hasilatını gözləmək olar. Təxminən 2029-cu, 2030-cu illərdə bu yataqdan ilk neft hasil oluna bilər. Bu, sürətli bir proses sayılır".
T.Bayatlı “Əşrəfi - Dan Ulduzu – Aypara” geoloji-kəşfiyyat yatağından da söz açıb: "Biz hələ “Əşrəfi - Dan Ulduzu – Aypara” yatağında qazıntı işlərini həyata keçirməli, ilkin məlumatları təhlil etməli və bu kəşfiyyat nəticəsində neft və ya qaz hasilatının mümkün olub-olmamasını müəyyən etməliyik. Bunun üçün də müəyyən müddət vaxt lazımdır. Bu yatağda gələcəkdə görüləcək işlər kəşfiyyat işlərindən sonra məlum olacaq".
bp sözçüsü əlavə edib ki, bp bu yataqların işlənməsi üçün həmin layihələrdə tərəfdaşı olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə fəaliyyət planı hazırlayır.