...

Yekaterinburqda azərbaycanlılara qarşı amansız rəftar nümayiş olunub - RƏY

Cəmiyyət Materials 1 İyul 2025 14:14 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Təkcə Yekaterinburqda yox, digər yerlərdə də azərbaycanlılara qarşı kobud davranışla müşahidə olunan hərəkətlərə yol verilir.

Bunu Trend-ə açıqlamasında Azərbaycanda Minadan Zərəçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu deyib.

O, belə hadisələrə görə təəssüf etdiyini bildirib.

“Bu cür hadisələr yolverilməzdir və qətiyyətlə pisləyirik. Jurnalist həmkarımız Seyfəddin bəyin qardaşları orada qətlə yetirilib. Hələ də çaş-baş vəziyyətdəyəm. Tutalım 20 il əvvəl hansısa cinayət hadisəsi baş verib. İnsanı döyə-döyə öldürmək olmaz. Bu bir azərbaycanlı olaraq mənə pis təsir edir, narahatam. Artıq Rusiyadakı azərbaycanlıların həyatı üçün də ciddi problemlər var. Biz günahkarların tapılıb cəzalandırılmasını tələb edirik”.

“Bəlkə də törədilən hadisə Rusiya içərisində Azərbaycanı sevməyən qüvvələrin davranışıdır. Əslində bu kimi hallar 20 yanvar hadisəsini törətmiş rus ordusundan gözləniləndir. Demək olar ki, təyyarə qəzasından sonra da Rusiya baş vermiş hadisəyə normal reaksiya vermədi”, - R.Kərimoğlu qeyd edib.

Politoloq İlyas Hüseynov isə Trend-ə açıqlamasında bildirib ki, Yekaterinburqda baş verənlər açıq-aydın şəkildə cinayət hadisəsidir:

“Rusiyada hüquq-mühafizə orqanlarının bu cür həddini aşması və qondarma cinayət işi, yaxud prosesləri ilə bağlı 20 il əvvəl baş vermiş naməlum hadisəyə don geyindirərək azərbaycanlılara qarşı hər hansı zorakılıq tədbirlərinin həyata keçirilməsi, güc tətbiq edilməsi nəticəsində soydaşlarımızın həyatını itirməsi hüquqdan kənar addımlardır. Bu, Rusiya və Azərbaycan arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olur. Əvvəlki dövrlərdə də münasibətlərdə gərginlik müşahidə etmişdik. Xüsusilə mülki təyyarəmizə qarşı hava hücumunda müdafiə sistemlərinin işə düşməsi və təyyarə qəzasından sonra saytlarımıza hücumların şahidi olduq. Digər tərəfdən Yekaterinburqda baş vermiş hadisəyə də hüquqi qiymət verilməsini tələb etməliyik. Azərbaycanın cavab tədbirləri də özünü çox göstərmədi. Azərbaycanda informasiya fəliyyəti adı altında maskalanmış, əslində isə casusluq fəaliyyəti ilə məşğul olan şxəslərin saxlanılması da onu deməyə əsas verir ki, Azərbaycan güclü dövlətdir və bizimlə təhdidlə danışmaq mümkün deyil”.

“Baş vermiş qətl hadisəsi ilə bağlı ürəktutma diaqnozunun qoyulması tamamilə məntiqdən kənardır. Biz keçirilmiş ekspertizanın nəticəsində də gördük ki, onlar işgəncə səbəbindən həyatlarını itiriblər. Baş vermiş prosesə bu cür hüquqi tibbi don geyindirmək heç bir çərçivəyə sığmır. Biz işgəncəyə məruz qalan digər insanların üzərindəki xəsarətlərin həcminə, böyüklüyünə baxsaq görərik ki, onlar da fiziki cəhətdən zəif olsaydılar, həyatlarını itirərdilər. Bu hadisə hüquqi kontekstdə öz həllini tapmalıdır. Burada məsələni ürəktutma kimi qələmə vermək anlaşılan deyil. Aydındır ki, bu şəxslər ürəktutmadan həyatlarını itirməyiblər. Onlara qarşı amansız rəftar nümayiş olunub”-İ.Hüseynov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti