...

Gələcəyin hüquqşünasları bu gün yetişir!

Cəmiyyət Materials 1 İyul 2025 10:00 (UTC +04:00)
Gələcəyin hüquqşünasları bu gün yetişir!

Bakı. Trend:

“Azərbaycanda məktəblilər arasında ilk dəfə “Moot Court” formatında hüquq simulyasiyası təşkil olundu.”

Hüquq sahəsinə marağı olan gənclərin və məktəblilərin bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə Azərbaycanda ilk dəfə keçirilən bu yarışma unikal bir təcrübə imkanı yaratdı. Yarışma tamamilə könüllülük prinsipi əsasında və qeyri-kommersiya məqsədilə təşkil olunub.

Əsas məqsəd – məktəblilərə hüquqi proseslərin mahiyyətini praktiki şəkildə öyrətmək, onların tənqidi düşüncə, məntiqi arqumentasiya qurmaq, sübut təqdim etmək və ictimai çıxış bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, bu təşəbbüs ölkədə hüquq təhsilinə marağın artmasına və gənc nəslin hüquqi şüurunun formalaşmasına töhfə verir.

Pilot layihə olaraq Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri arasında baş tutan yarışmanın yarımfinal mərhələsi 10 iyun 2025-ci il tarixində keçirildi. Yarımfinal mərhələsində Akademik Zərifə Əliyeva adına liseyin müxtəlif siniflərindən seçilmiş komandalar iştirak etdilər. Hər komandada 3 nəfər şagird yer alırdı. İştirakçılar öncədən hazırlanmış hüquqi keyslər əsasında ittihamçı və müdafiəçi rollarında çıxış edirdilər. Finala vəsiqə qazanan şagirdlər iddia və cavabdeh arqumentlərini təqdim etmək, hakim qarşısında çıxış bacarığı və digər meyarlar əsasında qiymətləndirilərək seçilmişdi.

Gərgin mübarizənin ardından 6 iştirakçı finala vəsiqə qazandı. Onlardan 3-ü “İttihamçı”, digərləri isə “Cavabdeh” qismində çıxış etdilər. Finalın sonunda isə 3 nəfərlik komanda yarışmanın qalibi oldu. Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olundular.

Əlavə olaraq, “Ən güclü oralist”, “Ən xarizmatik hüquqşünas” və digər nominasiyalar üzrə də fərqlənən iştirakçılar xüsusi mükafatlara layiq görüldü. Yarışmanın seçim mərhələsi hüquq sahəsində peşəkar ekspertlər tərəfindən həyata keçirildi. Münsiflər heyətində “İmprotex” şirkətlər qrupunun hüquq departamentinin direktoru və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Rahib İsmayılov, Qarabağ Futbol Klubunun hüquqi meneceri və Vəkillər Kollegiyasının üzvü Rəşid Səfərov, eləcə də layihənin ideya müəllifi və rəhbəri Nəcəf Məmmədov yer almışdır.

Layihənin rəhbəri və təşkilatçısı Nəcəf Məmmədovun sözlərinə görə, bu yarışmanın gələcəkdə daha geniş miqyasda – müxtəlif məktəblərin iştirakı ilə – keçirilməsi planlaşdırılır. Hüquq sahəsində bu formatın tətbiqi həm təşkilati, həm də metodoloji baxımdan ölkədə innovativ bir addım hesab olunur.

Xəbər lenti

Xəbər lenti