Şuşa. Trend:
İƏT-ə üzv ölkələrdə təxminən 560 milyondan çox insan yaşayır və ümumi sahəsi 8.1 milyon kvadrat kilometrdir.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı deyib.
"İƏT-in nominal ümumi daxili məhsulu 2023-cü ildə təqribən 2.4 trilyon dollar təşkil edib ki, bu da ümumdünya ÜDM-nin 2.3%-i deməkdir. Üzv ölkələrin ümumi ixracının həcmi təxminən 650 milyard dollardan çoxdur ki, bu da ümumdünya ixracının 0.2 %-i deməkdir”, - deyə o vurğulayıb.
M.Musayev əlavə edib ki, Azərbaycan son illər ərzində genişmiqyaslı iqtisadi islahatlar həyata keçirərək sahibkarlığın inkişafına xüsusi önəm verib:
“Özəl sektorun iqtisadiyyatımızdakı çəkisi artıb, qeyri-neft ixracı yeni bazarlara çıxıb və rəqəmsal transformasiya sahəsində mühüm addımlar atılıb. Bu təcrübəni ECO regionu ölkələri ilə bölüşmək, qarşılıqlı investisiya təşviqini gücləndirmək üçün konkret əməkdaşlıq mexanizmlərinə ehtiyac var”.
ASK prezidentinin sözlərinə görə, hazırda Azərbaycanın İƏT region ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 8 milyard dollardır. Bu rəqəm cəmi ticarət dövriyyəsinin təxminən 17 %-i deməkdir.
M.Musayev vurğulayıb ki, bu forumun əsas mövzusu - investisiya və ticarətin təşviqi ASK üçün olduqca aktualdır:
“İƏT regionunun davamlı inkişafı və iqtisadi inteqrasiyası istiqamətində bizneslərin oynadığı rolu yüksək qiymətləndiririk.
Təşkilatımız hər zaman öz üzvləri ilə birlikdə ticarət və investisiya əlaqələrinin genişlənməsinə, xüsusilə yaşıl iqtisadiyyat, aqrar istehsal, rəqəmsal transformasiya və logistika kimi prioritet sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verir.
Sahibkarlar arasında birbaşa ünsiyyət, B2B platformaları bu forumun ən real nəticələrini təmin edəcək.
Region daxilində ortaq müəssisələrin yaradılması, investisiya və biznes mühitinin əlverişliliyinin yüksəldilməsi üçün normativ bazaların bir-birinə uyğunlaşdırılması kimi mövzuların ön plana çəkilməsi bu forumun əsas töhfələrindən biri ola bilər”.
O qeyd edib ki, dayanıqlı inkişaf yalnız sərmayə ilə deyil, etimad və əməkdaşlıq ruhu ilə mümkündür.
“Gəlin bu ruhu qoruyub saxlayaq və onu gələcək nəsillər üçün iqtisadi sabitlik və ənənəyə çevirək”, - deyə o fikrini tamamlayıb.