...

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyul 2025 17:47 (UTC +04:00)
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Diaspor İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tbilisidə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib.

Trend xəbər verir ki, bu barədə Diaspor İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qurultayda 300-dən çox müəllim iştirak edib.

Tədbirdə birinci qurultaydan keçən dövrdə görülən işlər, qazanılan uğurlar və qarşıda duran vəzifələr müzakirə olunub. "Maarif" təşkilatının hesabatı dinlənilib. Azərbaycan dilli məktəblərdə tədrisin vəziyyəti, ikidilli təhsil sisteminin təkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı Səfirliyinin, Gürcüstan parlamentinin Təhsil elm və gənclərlə iş üzrə komitəsinin, Gürcüstanın Müəllimlər Evinin, Gürcüstan Beynəlxalq “Maarif” Məktəbləri Marneuli Məktəbinin əməkdaşları çıxış ediblər.

Çıxışlarda bu cür tədbirlərin təhsilə, gənclərin inkişafına təkan verdiyi bildirilib. Azərbaycan dövlətinin Gürcüstandan yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyi qeyd olunub. Xalqlarımız arasındakı dostluq əlaqələrinin keçmişindən bəhs edilib, iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Komitənin layihələri çərçivəsində Gürcüstanda həyata keçirilən birgə tədbirlərin əhəmiyyəti vurğulanıb. Qurultayın işinə uğurlar arzulanıb.

Qurultay daha sonra panel iclasları ilə davam edib.

Birinci paneldə Gürcüstanda ikidilli təhsil sisteminin səmərəliliyi və mövcud tətbiq mexanizmləri barədə məlumat verilib. İkinci paneldə azərbaycandilli məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tədrisə inteqrasiyası məsələsi diqqət mərkəzində olub. Üçüncü paneldə isə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə mövcud problemlər və onların həlli yolları diqqətə çatdırılıb.

Tədbir iştirakçıları bu cür tədbirlərin müəllimlərin bir araya gələrək təcrübə mübadiləsi aparmasına, Azərbaycan dillində təhsilin davamlı inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Qurultayda təhsildə və gənclərimizin təlim-tərbiyəsində fərqlənən Tbilisi 73 nömrəli məktəbin direktoru Salman Pirməmmədova “Maarif” təşkilatı tərəfindən diplom və hədiyyə təqdim olunub.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimlərinin ilk qurultayı 2023-cü ildə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti